Press "Enter" to skip to content

Bakı dünyanın cazibə mərkəzidir artıq – VİDEO

Real TV-nin canlı efirində

BAYRAQDAR MEDİA – Aprelin 28-29-da Bakı daha bir mükəmməl və möhtəşəm qlobal tədbirə ev sahibliyi etdi. Qlobal Cənub QHT Platformasının qurulması ilə sonuclanan tədbirə dünyanın 116 ölkəsindən vətəndaş cəmiyyəti təmsilçiləri toplaşdı. Bir Azərbaycanlı, üstəlik də ömrünün 10 illərini vətəndaş cəmiyyəti fəaliyyətinə həsr etmiş, özəlliklə də beynəlxalq platformalarda fəallıq göstərmiş birisi olaraq bunun nə demək olduğunu bəlkə də ən yaxşı anlayanlardanam.

Bu tədbirin fonunda xatirələr şəxsimi illər öncəyə aparmaya bilməzdi. Vaxt vardı biz – Azərbaycan vətəndaşları və QHT təmsilçiləri olaraq şikayətlənərdik ki, səsimizi dünyaya çatdıra bilmirik. Daim qarşımıza əngəllər çıxar, bizi mümkün olduqca beynəlxalq platformalardan kənarda tutmağa çalışardılar. Şəxsən özüm və yaxşı tanıdığım bir sıra QHT rəhbərləri isə yaxşı mənada inadkarlıq edərək bu əngəlləri aşmağı bacarırdıq. Asan olmurdu, amma çalışmaq varsa, nəticə də olurdu və yavaş-yavaş beynəlxalq platformalarda hətta rəhbər vəzifələrə də sahib olurduq.

Bilənlər bilir, özəlliklə də 1990-cı illərin sonundan başlayaraq bir sıra beynəlxalq platformaların işində fəal iştirak etmişəm. Baxmayaraq ki, hazırda QHT sektorundan ayrılmışam, yenə də o qurumların fəaliyyətini diqqətdə saxlayır, yeri gəldikcə sözümü deyir, işlərində iştirakdan qalmıram. Çünki müqəddəs yer boş qalmır, biz geri çəkilsək oraları ən azından bizim əleyhdarlarımız doldura bilər, deyə düşünürəm…

O illər indi arxadadır. Dediyim kimi, Azərbaycan artıq nəinki belə problem yaşamır, üstəlik özü qlobal bir platformaya çevrilib, dünyanın taleyüklü məsələləri burada həll edilir.

Demək istədiyim odur ki, indi heç kim bizim qarşımızı kəsə bilməz! Heç kim bizim sözümüzü haradasa deməyimizi əngəlləyə bilməz! Əngəlləyə bilsə belə, bizim özümüzün yaratdığımız platformalar daha effektivdir, söz sahibi olduğumuz yetərincə alternativlərimiz var!

Bu baxımdan Qlobal Cənub QHT Platforması daha bir möhtəşəm uğurdur. Bu işdə əməyi olan hər kəsə, o cümlədən özünün hərtərəfli dəstəyini əsirgəməyən QHT Agentliyinə və onun rəhbəri Aygün Əliyevaya ciddi təşəkkür düşür. Eyni zamanda Platformanın qurulmasında öncüllük edərək işi böyük uğurla tamamlayan Milli QHT Forumu və onun rəhbəri, təcrübəli vətəndaş cəmiyyəti fəalı Ramil İskəndərlinin rolunu xüsusi vurğulamaq istərdim. Bu işə gərəkli dəstəyi verən, şərait yaradan Azərbaycan dövlətini isə növbəti böyük uğur münasibəti ilə təbrik etmək olar.

Aprelin 29-da Real TV-nin canlı efirində də aparıcı Vəfa Həmzəyevanın məsələyə dair suallarını şərh etdik. Düşünürəm ki, baxmağa, aparılan müqayisələri dinləməyə dəyər. Yeri gəlmişkən, elə Real TV-nin özü də bu cür məsələlərə mümkün töhfəsini verməkdən heç vaxt geri qalmayıb ki, buna görə onlara da ayrıca təşəkkürlər!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.