BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, AQTA və İran Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər”.
Daha sonra xəbərdə, “Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın İran ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər əksini tapıb” deyə qeyd edilir.
İlk şərhi yaza bilərsiniz