BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən kompleks islahatlar davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, “bu islahatlar çərçivəsində məqsəd, tibbi xidmətin müasir dünya standartlarına uyğunlaşdırılması, səhiyyə infrastrukturunun gücləndirilməsi və əhalinin sağlamlığının qorunmasıdır. Son illərdə, xüsusilə vaksinasiya sahəsində əhəmiyyətli addımlar atılaraq, müasir texnologiyalardan istifadə edilərək, peyvəndləmə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən alınan Smart Peyvənd Sisteminin bu gün təhvil alınıb”.
Məlumata görə, yeni avadanlıq, peyvəndləmə prosesinin tam avtomatlaşdırılmasını, həmçinin peyvəndlərin düzgün saxlanılması, idarə edilməsi və tətbiqi məsələlərini daha etibarlı və effektiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulub: “Smart Peyvənd Sisteminin əsas üstünlüyü, peyvəndlərin saxlanması və tətbiqi zamanı yüksək texnologiyaların istifadəsidir. Bu sistem vasitəsilə, hər bir peyvəndin düzgünlüyü barkod sistemi ilə yoxlanılacaq, soyuducularda isə temperatur 7/24 davamlı olaraq qorunacaqdır. Temperaturun düzgünlüyü və saxlanma şəraiti, qapı açıldığı zaman belə dəyişməyəcək, bu da peyvəndlərin effektivliyini və təhlükəsizliyini təmin edəcəkdir. Yeni soyuducular, peyvəndlərin optimal saxlanılması və tətbiqi üçün ən yüksək texnologiya ilə təchiz edilib. Bu avadanlıqlar yaxın zamanda, muxtar respublika ərazisində yeni fəaliyyətə başlamış Ailə Sağlamlıq Mərkəzlərinə paylanacaq və peyvəndləmə xidmətlərinin keyfiyyətini daha da yüksəldəcəkdir. Bu cür tədbirlər, səhiyyə sahəsində atılan digər addımlarla birgə, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunmasına və müasir tibbi xidmətlərin təmin edilməsinə mühüm töhfə verəcəkdir”.
İlk şərhi yaza bilərsiniz