BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “attestasiya müvafiq normativ-hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil olunub və ilkin mərhələdə Bakı və Abşeron-Xızı regionlarını əhatə edib. Bu mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1 min 759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib. Qiymətləndirmə attestasiya komissiyaları tərəfindən aparılıb və müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müxtəlif meyarlar üzrə dəyərləndirilib. Attestasiyadan 1 min 200 nəfərə yaxın müəllim uğurla keçib, onlardan 650 nəfəri bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərib. Bildirək ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub”.
Daha sonra xəbərdə vurğulanır ki, “attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməyib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib. Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişaf yönümlü təlim proqramları hazırlanıb. Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsi və onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olmaqdır”.
Təlimlər 2025-ci il may ayının 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcək. İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcək, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən keçiriləcək.
Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcək.
İlk şərhi yaza bilərsiniz