Azərbaycan paytaxtında Qlobal Cənub QHT Platforması təsis olunacaq
BAYRAQDAR MEDİA – Son illər qlobal məkanda bir çox təşəbbüslərin müəllifi olan Azərbaycan bu sırada daha bir uğura imza atır. Paytaxt Bakıda Qlobal Cənub QHT Platforması formalaşacaq. Bu məqsədlə aprelin 28-29-da Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. Artıq bu mühüm və əlamətdar hadisədə iştirak edəcək qonaqlar Azərbaycan paytaxtındadırlar.
Azərbaycan Milli QHT Forumundan verilən məluat əsasən, bu iki gün ərzində Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə baş verəcək Çünki tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir.
Xatırladaq ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.
Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub.
Öz növbəsində hər zaman mütərəqqi ideyalara dəstək verən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu dəfə də ənənəsinə sadiq qalıb. Agentlik bu qlobal təşəbbüsü reallığa çevirməkdə Azərbaycan Milli QHT Forumuna əsl dəstək verib, kömək üçün bütün müraciətlərə müsbət yanaşıb.
Beləliklə, dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri Azərbaycan Milli QHT Forumunun dəvətini qəbul edərək Bakıya gəliblər. Bu, həm Azərbaycanın daha bir tarix yazması, həmçinin Qlobal Cənub üçün də, Azərbaycan üçün əsl QHT səfərbərliyidir.
İlk şərhi yaza bilərsiniz