BAYRAQDAR MEDİA – 2025-ci il 2–3 may tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Endorphin” reklam agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda reklam, marketinq, brendinq və dizayn sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirəcək “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Festivalın əsas məqsədi yaradıcı şəxsləri bir platformada birləşdirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına şərait yaratmaqdır. Tədbir çərçivəsində panel müzakirələr və interaktiv sessiyalar, tanınmış beynəlxalq spikerlərin təqdimatları, ustad dərsləri və seminarlar, “Baku Flames Mükafatlandırma Mərasimi” və s. keçiriləcək. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Yaradıcı Market”in məhsulları “Baku Flames” festivalı çərçivəsində ziyarətçilərin diqqətinə təqdim olunacaq. Bu il ilk dəfə olaraq hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan “Young Lions Azerbaijan” yaradıcılıq müsabiqəsi də “Baku Flames” festivalı çərçivəsində keçiriləcək”.
Ardınca xəbərdə, “növbəti “Young Lions” müsabiqəsində komandalar təqdim olunmuş xülasə əsasında “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar. “Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi və “Dizayn” kateqoriyası üzrə xülasə isə Code Academy tərəfindən komandalara təqdim olunub. Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Qaliblər 2025-ci il 16–20 iyun tarixlərində Fransanın Kann şəhərində keçiriləcək dünyanın ən nüfuzlu reklam festivalı olan “Cannes Lions”-da iştirak hüququ əldə edəcəklər. Təxminən 1 min 500 iştirakçının qatılacağı “Baku Flames” festivalı yaradıcı şəxslər, agentliklər və gənc istedadlar üçün ideya mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq” deyə bildirilir.
Qeyd edək ki, sözügedən Festival Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
İlk şərhi yaza bilərsiniz