BAYRAQDAR MEDİA – Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq. Yağışın maksimumu isə mayın 6-da gözlənilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə bildirilir ki, “η-Aquariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər – “axan ulduzlar” əmələ gətirir. η-Aquariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan η-Aquariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir”.
Sonra xəbərdə, “Halley kometinin Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometin 1531, 1607 və 1682-ci illərdə görünən kometlərlə eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometin adı Halley adlandırılıb. Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə η Aquariid ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30–40° uzaq sahəyə baxmaq tövsiyə olunur. η-Aquariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər” deyə qeyd olunur.
Meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.
İlk şərhi yaza bilərsiniz