Press "Enter" to skip to content

Kiçikhəcmli gəmilərə texniki nəzarətlə bağlı mediatur

Kiçikhəcmli gəmilərə texniki nəzarətlə bağlı mediatur

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən kiçikhəcmli gəmilərə texniki nəzarət tədbirləri ilə bağlı mediatur təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mediatur zamanı media subyektlərinin nümayəndələri Xəzər dənizinin Abşeron rayonu, Novxanı qəsəbəsindəki sahilində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən kiçikhəcmli gəmilərə texniki baxış prosesi ilə tanış olublar. Texniki baxışla bağlı media mənsublarına bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçikhəcmli gəmilərə texniki baxış keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd kiçikhəcmli gəmilərin üzmə vəziyyətinin qiymətləndirilməsidir. Belə ki, baxış zamanı gəmilərin gövdəsi, mühərriklərin işləmə prinsipi, sükan qurğusu, manevr elementləri, həmçinin yangından mühafizə və xilasetmə avadanlıqları yoxlanılır. Həmin su nəqliyyatı vasitələrini qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi isifadəçilərinə üzməyə yararlılıq barədə texniki talon təqdim edilir”.

Sonra xəbərdə, “qeyd edək ki, cari ilin ötən dövrü ərzində Xidmətə texniki baxışın keçirilməsi üçün 797 kiçikhəcmli gəmi istifadəçisi tərəfindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 768 su nəqliyyatı vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub. Tələblərə cavab verməyən 29 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir” deyə bildirilir.

Xəbərdə həmçinin qeyd olunur ki, “Dövlət qeydiyyatına alınmadan, texniki baxışdan keçmədən və xüsusən mühərrikli kiçikhəcmli gəmiləri idarə etmək hüququ üçün sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasutələrinin istismarı qanunvericiliklə qadağandır. Bu hal inzibati məsuliyyət yaratdığından, bu kimi hallar aşkar olunduqda Xidmətin əməkdaşları tərəfindən sözügedən gəmi istifadəçiləri barəsində inzibati protokollar tərtib edilir. Texniki baxış yekunlaşdıqdan sonra sözügedən nəqliyyat vasitələrinin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndiriliblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.