Press "Enter" to skip to content

Birlikdə addım atılması olduqca önəmlidir

Vüqar Bayramov

Vüqar Bayramov: Türk dövlətlərinin strateji, türk dünyasının maraqlarını özündə ehtiva edən məsələlərdə vahid mövqedən çıxış etməsi, eyni addımları atması vacibdir

BAYRAQDAR MEDİA – “Ümumiyyətlə türk dünyasının strateji məsələlərdə vahid mövqedən çıxış etməsi, birlikdə addım atması olduqca önəmlidir. Biz bu təcrübə ilə tanışıq. Yəni əvvəlki müddətlərdə türk dünyası üçün vacib, strateji əhəmiyyət kəsb edən məsələlərdə türk dövlətlərinin birlikdə hərəkət etdiyinin, vahid mövqedən çıxış etdiyinin şahidi olmuşuq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Avropa Birliyi ilə Orta Asiyanın türk dövlətləri arasında əldə edilmiş 12 milyard avroluq anlaşma ilə bağlı danışan millət vəkili aşağıdakıları bildirib: “Təbii ki, hər bir ölkənin özünün maraqları var. Ölkələr bəzən həm o maraqlardan çıxış edərək siyasət həyata keçirirlər. Bundan başqa onu da nəzərdən qaçırmayaq ki, türk dövlətlərinin istənilən maliyyə dəstəyinə, maliyyə yardımına ehtiyacı var. Çünki hər bir dövlətin, belə deyək, əlavə maliyyə yardımı alması onun daha çox iş görməsinə, daha çox layihələr həyata keçirməsinə təkan verir”

AB ilə Orta Asiyanın türk dövlətləri arasında imzalanmış məlum razılaşma və orda nəzərdə tutulan maliyyənin necə bölünəcəyinə gəlincə V.Bayramov deyib ki, burada konkret paketdən söhbət gedir: “O paket fərqli sektorlarda maliyyə dəstəyini özündə ehtiva edir. Burada həmin maliyyə paketi ilə yanaşı dövlətlərə təqdim olunacaq yeni texnologiyalar məsələsini də diqqətdən qaçırmaq olmaz. Çünki bu gün türk dövlətlərinin daha çox müasir texnologiyalara ehtiyacı var”.

Lakin bütün bunlara baxmayaraq millət vəkili yenə də əvvəlki mövqeyində qaldığını bildirib: “Bütün hallarda hesab edirəm ki, türk dövlətlərinin strateji, türk dünyasının maraqlarını özündə ehtiva edən məsələlərdə vahid mövqedən çıxış etməsi, eyni addımları atması vacibdir. Bu cür yanaşma həm də türk dünyasının birliyi və inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.