Press "Enter" to skip to content

Elşad Miri “İslamda yoxdur” deyir…

Azər HƏSRƏT

Elə biz də o fikirdəyik: bir çox şeylər islamda yoxdur, amma özəlliklə də dəllal mollalar və onların başbilənləri var olduğunu iddia edir…

BAYRAQDAR MEDİA – Siyasi gündəm nə qədər məşğul olsa da arada vaxt tapıb kitab oxumaq vərdişimdən də qalmıram. Gündəlik oxuduqlarım heç, əlavə olaraq bədii ədəbiyyat, düşüncə kitablarını da diqqətdə saxlamağa çalışıram. Təbiidir ki, bütün bunlarla bərabər sosial medianın imkanlarından istifadə edərək videolar da izləyirəm ki, özümü maarifləndirmədə fasiləyə imkan olmasın.

Bir də onu deyim ki, yeni texnologiyalar məni də ənənəvi kitab oxumaqdan yavaş-yavaş uzaqlaşdırır. Artıq neçə illərdir ki, e-kitablar oxuyuram, hələ səsli kitablar da dinləyirəm…

Bu dəfə oxuduğum e-kitabdır. İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabı. Əslində bu kitabın özü də Azərbaycanda ənənəvi şəkildə yoxdur. Yəni olmayan kitabın olmadığına aydınlıq gətirdiyi məsələlər haqqında maraqlı bir kitab oxumuşam.

Qeyd edim ki, Elşad Mirinin bu kitabının çapı Azərbaycanda məsləhət görülməyib. Ona görə də onu kitab dükanlarından ala bilmərik. Amma xaricdə, özəlliklə də qardaş Türkiyədə türk dilində dərc edilib, əlçatandır. Həm də o kitab bizdən daha dindar olan Türkiyə cəmiyyəti, oradakı islam dini üçün hansısa təhlükə təşkil etmir. Lakin Azərbaycanda nəsə bir təhlükə təşkil edəcəkmiş ki, çapına izn verilməyib…

Haşiyə: İndi kimsə durub deyəcək ki, Azərbaycanda kitab çap etmək üçün xüsusi icazəyə nə gərək? Məsələ ondadır ki, dini kitabların çapını mütləq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaq lazımdır. Bu qurum da “İslamda yoxdur” kitabında nə görübsə, onun çapını məqsədəuyğun saymayıb…

Biz də kitabı oxuduq. E-kitab olaraq təbii. Və gördük ki, onun cəmiyyət üçün hər hansı zərəri yoxdur. Üstəlik də belə bir maarifləndirici kitaba ciddi ehtiyac var. Şəxsən özüm də din məsələlərində şübhəçi olduğum üçün məntiqə üstünlük verib sorğulamağı xoşlayıram. Elşad Miri də bu kitabında sorğulayır, şübhəli yanaşır və ortaya çıxan suallara məntiqə dayanaraq cavab verir. Bunun nəyi pisdir ki? Yaxud, niyə ağıl və məntiqlə deyilən söz yasaqlanmalıdır?

"İslamda yoxdur"
“İslamda yoxdur”

Hər şeydən vacib olan odur ki, kitabdakı bütün məsələlərə məhz islamın ali kitabı olan Quranla aydınlıq gətirilir. Yəni müəllif kiminsə haradasa nəsə deməyinə deyil, Qurana əsaslanır, onun surə və ayələrindən sitatlar gətirir, onların ətrafında fikir gəzişməsi ilə bizə davamlı şəkildə sırınan cəfəng ideyaları darmadağın edir. Yəni adam əməlli-başlı aydınlatma işi aparır…

Biz bu kitabı oxuduq və özümüzün də doğru sandıqlarımızı orada gördük. Şəxsən mən ilahiyyatçı deyiləm, ərəb dilini bilmirəm və Quran bilicisi də sayılmıram. Düzdür, maraqlanıram, öyrənirəm, oxuyuram, amma işin peşəkarı başqa şeydir. O baxımdan Elşad Miri peşəkardır və sözünə etimad edilməsində yarar var.

Nə deyir Elşad Miri? Deyir ki, islamda sehr və cadu yoxdur. Özü də bunu şəxsi mülahizəsi kimi demir. Məhz elə islamın Konstitusiyası – Qurandan konkret əsaslarla deyir. Bəllidir ki, islamın bütün mahiyyəti məhz bu kitabda əks olunub. Ondan kənarda olan istənilən kitab, istənilən şəxsin mülahizəsi puçdur, əsassızdır.

Ölüyə Quran oxumağa da işıq tutur müəllif. Zatən Quranda da aydın bir dildə yazılıb ki, bu kitab dirilər üçün göndərilib. Yəni ölülərə Quran oxumağın heç bir faydası yoxdur. Amma biz gerçək həyatda nə görürük? Görürük ki, mollalar ölüyə mütləq Quran oxuyur, hələ buna görə “zəhməthaqqı” da alırlar…

Özəlliklə də İrandakı fars-molla rejiminin qanun halına saldığı, əslində isə leqallaşdırılmış fahişəlik olan siğə məsələsinə də aydınlıq gətirir Elşad Miri. Bəli, bu siğə deyilən şey məhz leqallaşdırılmış fahişəlikdir. Milyonlarla insanın müqəddəs saydığı bir din fahişəliyə haqq qazandıra bilərmi? Təbii ki, yox. Amma islam adına dəllallıqla məşğul olan bir kəsim var ki, onlar bunu Quranın tələbi kimi ictimai rəyə sırıyırlar. Müəllif isə məhz Qurandan dəlillərlə belə bir şeyin olmadığını sübut edir.

Hələ bu ikidə bir “mən seyidəm” deyib başımızın üstünü kəsdirənləri demirik. İslamda belə bir zümrə də yoxdur, olması da mümkün deyil. Yəni islamın baş kitabı Quran belə bir şeyi tanımır, qəbul etmir. Elə isə niyə bəlli bir kəsimə aid insanlar özünü seyid elan edərək daha üstün olduğunu iddia edir?

Elşad Miri kitabında dəlil-sübutla göstərir ki, peyğəmbərlər də bizim hər birimiz kimi insandır və ona görə də onların günahsız olması mümkün deyil. Yəni hər bir bəşər övladı kimi onlar da səhv edə, günah işləyə bilərlər.

Günümüzdə ciddi sosial bəla olaraq görülən azyaşlıların ailə həyatı qurmasına da işıq tutulur “İslamda yoxdur”da. Bəli, məhz bu məsələyə də Quran üzərindən tutarlı cavab tapmaq olar sözügedən kitabda.

Ən əsas məsələlərdən biri də cənnətdə kişilərə veriləcək hurilərə aydınlıq gətirilməsidir. İnsanların beynini bu cür cəfəng iddialarla tozlandırmaq istəyənlərə ən tutarlı cavabı da “İslamda yoxdur”da tapmaq olar.

Bir sözlə, bu kitab dini maarifləndirmə baxımından olduqca faydalıdır. O baxımdan Azərbaycanda yasaqlanmasını anlamaq çətindir. Bilirik, başa düşürük ki, belə kitablar din dəllallarının bazarına az da olsa təsir edəcək. Amma dövlət adına fəaliyyət göstərən qurum bundan niyə narahat olur? Biz elə düşünürük ki, belə bir kitabı elə məhz dövlətin özü dərc etməkdə maraqlı olmalıdır. Ki, insanlar din adına cəhalətdən qurtula bilsin…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.