BAYRAQDAR MEDİA – Aprelin 24-də Azərbaycan mətbuatında öz izi və dəst-xətti ilə seçilən “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin 30 yaşı tamam olur. Yarandığı gündən bu vaxta qədər Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri işıqlandıran “Olaylar”, baş verən hadisələrə hər zaman obyektiv mövqe sərgiləyib.
Məlumat üçün bildirək ki, 1995-ci il aprelin 24-də ilk sayı dərc edilən “Olaylar” qəzeti maraqlı bir fəaliyyət tarixcəsinə malikdir. Qəzet fəaliyyətə başlayarkən cəmi bir neçə əməkdaşı olsa da, çox qısa bir müddətdə qəzetin və agentliyin həm ümumi, həm də yaradıcı tərkibi böyüyüb. “Olaylar” tezliklə ən çox istinad edilən qəzetlərdən biri olmağı bacarıb.
Eyni zamanda, ötən müddətdə “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi çoxsaylı uğurlar qazanıb. Bu uğurların nəticəsində media orqanına yüzlərlə fəxri diplom və təşəkkürnamələr təqdim edilib. Hazırda agentlik öz xəbərlərini oxucularına 4 dildə – azərbaycan, türk, ingilis və rus dillərində təqdim edir.
İnformasiya agentliyinin saytında “Olaylar” İA-nın və “Olaylar2 qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik materiallar yerləşdirilir.
BAYRAQDAR MEDİA olaraq “Olaylar”ın rəhbərliyini və kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
İlk şərhi yaza bilərsiniz