Prof. Dr. Birol Akgün: İki xalqın ürəyi birlikdə döyünür
BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün Anadolu Agentliyinin (AA) Bakı ofisində olub, əməkdaşlarla görüşüb.
Bu barədə agentliyin məlumatında qeyd edilib.
Məlumata görə, AA Asiya və Qafqaz Xəbərləri Direktoru Tolqa Özgenç Prof. Dr. Birol Akgünə Bakı ofisi və Redaksiyanın işi haqqında məlumat verib.
Bildirilib ki, “səfərdən sonra AA müxbirinə qiymətləndirmələr edən səfir, eyni coğrafiyanı paylaşan, eyni dildə danışan, eyni mədəni ənənələrə və inanclara malik Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin müstəsna olduğunu deyib. Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə çevrildiyini deyən Prof. Dr. Birol Akgün, İkinci Qarabağ müharibəsində qazanılan zəfərdə Azərbaycanın əzmini və Türkiyənin güclü mənəvi və siyasi dəstəyini nümunə göstərib”.
Məlumata görə, Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir, türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini bildirib: “Səfir hər iki ölkə xalqının münasibətlərin səviyyəsindən xəbərdar olduğunu və onun dəyərini bildiyini deyib və Azərbaycanın hər yerində Azərbaycan və Türkiyə bayraqlarının yan-yana dalğalandığını qeyd edib”.
Türk və Azərbaycan xalqının ürəklərinin birlikdə döyündüyünü vurğulayan Prof. Dr. Birol Akgün sözlərini belə davam etdirib: “Siyasi baxımdan Cümhurbaşqanımız Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyur. Bu, xüsusilə müharibə və zəlzələ zamanı Azərbaycan xalqının türk xalqına dəstəyində özünü büruzə verirdi. Həmin günlərdə ən çox narahat olan və ən çox yardım göndərən ölkə Azərbaycan idi. Bizim ölkələrimiz arasında istər xalqın gözündə, istərsə də liderlər səviyyəsində əla münasibətlərimiz var”.
Səfir, həmçinin “Biz iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirməliyik, bir-birimizi daha yaxşı başa düşməliyik və birgə əməkdaşlıq perspektivini gücləndirməliyik” deyib.
Birol Akgün iki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlığa da toxunub: “Bizim enerji sahəsində əməkdaşlığımız çox yüksək səviyyədədir. Layihələr nəqliyyat və əlaqəni gücləndirməyə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu yay istifadəyə veriləcəyini gözləyirik. Açılacağı təqdirdə Türkiyə üzərindən Orta Dəhliz vasitəsilə batı-doğu istiqamətli mallarının daşınması inanılmaz bir bum yaşayacaq. Bu, ən azı potensialı beş artıracaq”.
Səfir Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpa olunan enerji ilə istehsal olunan elektrik enerjisinin Türkiyəyə və Türkiyədən də Avropa bazarlarına nəqlini nəzərdə tutan müqavilə imzalandığını xatırladıb. O, bu xəttin Rumıniya və Moldovaya qədər uzana biləcəyini bildirib.
Səfir Birol Akgün Şərq-Qərb Nəqliyyat Dəhlizinin son dərəcə mühüm inteqrasiya sahəsi olduğunu vurğulayıb: “Əgər Azərbaycan və Ermənistan arasında daimi sülh sazişi imzalansa və Zəngəzur koridoru açılsa, türk dünyasının Orta Dəhliz perspektivi Çindən Londona qədər uzanan xəttdə çox inkişaf edəcək. Biz bunu dəstəkləyirik”.
Açıqlamasında Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsinin lazım olduğunu vurğulayan Prof. Dr. Birol Akgün xüsusilə mədəniyyət və turizmi sahəsində böyük potensialın olduğunu bildirib.
Səfir, iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunaraq, “Bizim ticarət dövriyyəmiz hazırda 6,5 milyard dollardır. Prezidentlərimizin bizə verdiyi hədəf 15 milyard dollardır. Ümid edirəm ki, bu, arzu deyil və yaxın 3-5 ildə haqqında danışdığımız inteqrasiya prosesləri sürətlənərsə, buna çox asanlıqla nail olmaq olar”, – deyə bildirib.
İlk şərhi yaza bilərsiniz