BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 22-də Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ağcabədi, Masallı, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin sahələrinin sığortalanması, əkin və məhsul subsidiyası, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub. İ.Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.
Daha sonra nazir müavini Saatlı rayonunun Qaracalar kəndində fermer Ələsgər Məmmədova məxsus intensiv nektarin, ərik və əncir bağlarına baş çəkib. Görüşdə Aqrar Subsidiya Şurasının 2025-ci təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz