BAYRAQDAR MEDİA – Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi açılıb. Sərgi XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 14 fevral 2025-ci il tarixində rəssamın 200 illiyinin olunması haqqında Sərəncam imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “milli realist dəzgah rəngkarlığının təməlini qoymuş M.Q.İrəvaninin yaradıcılığı monumental divar rəngkarlığı, şüşə və lak boyakarlığı və qrafika kimi sahələri əhatə edir. Onun müəllifi olduğu portretlər, ornamental kompozisiyalar yüksək bədii xüsusiyyətləri ilə seçilir. Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin açılışında qonaqlara təqdim olunan eksponatlar haqqında ətraflı məlumat verib. O bildirib ki, sərginin ana xəttini M.Q.İrəvaninin AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin təqdimatı təşkil edir. Tarixi köklərə və zəngin bədii ənənələrə malik Qacar üslubu XIX əsrdə əsas bədii istiqamətinə çevrilərək Azərbaycan incəsənətinin əksər sahələrini birləşdirirdi. Sərgidə təqdim olunan sənət nümunələri M.Q.İrəvaninin yaradıcılıq üslubu və ümumilikdə dövrün əsas sənət təmayülü, eləcə də yüksək bədii zövqə əsaslanan xalq sənətkarlığı haqqında dolğun təsəvvür formalaşdırır”.
Bildirək ki, tamaşaçılar sözügedən sərgiyə böyük maraq göstərirlər.
İlk şərhi yaza bilərsiniz