Press "Enter" to skip to content

Mədəniyyət naziri Bişkekdə qırğız həmkarı ilə görüşüb

Mədəniyyət naziri Bişkekdə qırğız həmkarı ilə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 21-də Qırğızıstan Milli Tarix Muzeyində mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstan mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında ikitərəfli görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “A.Kərimli Bişkekdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Qırğızıstana səfər edib. Azərbaycanlı həmkarını səmimi salamlayan M.Mambataliyev iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, ötən ilin aprel ayında Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. A.Kərimli çıxışında Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Bişkekə gəlmiş nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qırğız həmkarına təşəkkür edib”.

Sonra xəbərdə, “qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, son illərdə intensiv xarakter alan qarşılıqlı rəsmi səfərlər mədəni əməkdaşlıq üçün də geniş perspektivlər açır. A.Kərimli ötən ilin aprel ayında Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun işğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etmələrini iki ölkənin dostluq və qardaşlığının daha bir göstəricisi olduğunu deyib. Nazir bildirib ki, inşası davam edən bu təhsil ocağı Qırğızıstan dövlətinin Azərbaycan xalqına çox qiymətli hədiyyəsidir.
Qeyd olunub ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələr həm Türk dünyasının əməkdaşlıq təşkilatları – TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası çərçivəsində, həm də ikitərəfli formatda inkişaf edir” deyə qeyd edilib.

Xəbərdə həmçinin deyilir ki, “nazir 2024-cü ildə Azərbaycanda Qırğız Mədəniyyəti Günlərini və bu yaxınlarda Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıda “Dədə Qorqud” tamaşasını nümayiş etdirməsini əhəmiyyətli mədəniyyət hadisələri kimi səciyyələndirib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Azərbaycan tərəfi teatr, kinematoqrafiya, kitabxana və digər sahələr üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır. M.Mambataliyev öz növbəsində mədəniyyətin bütün sahələri üzrə əməkdaşlığın inkişafı üçün davamlı səy göstərəcəklərini diqqətə çatdırıb. Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Görüşdə həmçinin nazirlər Azərbaycan və Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair 2025 – 2026-cı illər üçün praktiki tədbirlər planını imzalayıblar. Sənəddə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, teatr, kinematoqrafiya və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alıb.

İmzalanma mərasimindən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra A.Kərimli Qırğızıstan Milli Tarix Muzeyi ilə tanış olub.

100 il öncə təsis edilən muzeyin tarixi, ekspozisiya zalları və fondu barədə nazirə ətraflı məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.