Son yeniləmə: 20 Aprel 2025
BAYRAQDAR MEDİA – Həmsöhbətimiz tanınmış Azərbaycan şairi, jurnalist, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimlidir.
Söhbətimiz ədəbiyyat və şeir, bugünkü ədəbi proses, tərcümə sənəti, Azərbaycan ədəbiyyatı, kitab mədəniyyəti, söz sənətinə baxış, şair və yazıçının cəmiyyətdəki rolu haqqındadır.
-Şairlik sizin üçün nə deməkdir?
-Şairlik insanın özünün seçə biləcəyi, oxuyub intellektini artırmaqla, dünyagörüşünü genişıəndirməklə və yaxud öz iradəsi, həvəsi ilə içinə atılacağı bir sənət sahəsi deyil. Şairlik Allahın lütfüdür, duyğularını, müşahidələrini, öngörülərini, hamıdan fərqli şəkildə hiss etdiklərini, bütün yaşadıqlarını, hətta yaşamadıqlarını ifadə etmək, zamanın fövqündən yüksəkdə duran təfəkkürlə dövrün özünü yönləndirmək üçün Yaradanın verdiyi xüsusi bir səlahiyyətdir. Yazmaq haqqında düşünmədən yazmağa başlamaq, səni yazdıran qüvvənin sirrini çözmədən yazmaq, qəfildən özünü mənbəyini anlamadığın bir sehrin içində tapmaq, yazmaq istəmədiyin vaxtlarda belə misraların beyninə hücumu və zorla özünü YAZDIRMASI… Bütün bunlar sizcə qəribə deyilmi?! Bu qəribəliyin özünü çözə bilməməkdir şairlik.
-Sizi şair olaraq ən çox ilhamlandıran mövzular hansılardır?
-Mən mövzu məhdudiyyəti tanımıram. Hesab edirəm ki, şair üçün həyatın bütün predmetləri, hadisələri mövzu ola bilər. Ümumiyyətlə, hansı mövzunun daha ilhamverici olduğu haqqında düşünməyin özü mənə absurd görünür. Həyat öz axarıyla gedir, gözlənilməz hadisələr, vəziyyətlər, situasiyalarla qarşılaşırıq. Bəzən fərəhimizin köksümüzə sığmadığı hadisə – 44 günlük Vətən müharibəsinin zəfəri şeir olur, bəzən də əsrin faciəsi kimi yadda qalan Türkiyə zəlzələsinin ağır kədəri, sarsıntısı misralara tökülür. Yaxud təyyarə qəzasında həlak olan pilotun, stüardessanın heyrət doğuran qəhrəmanlığı şeirləşir. O zaman burada təkcə kədərin, ağrının, dərdin verdiyi ilhamlamı yazırıq? Yox! Məsələ bundadır ki, şairin duyğularının, ən dərin yaşadığı hisslərin şeir kimi doğulmasında ilhamdan başqa hansı görmə rakursundan baxması və hansı dərinlikdə təsirlənməsinin də ciddi önəmi var. İlhamın özünün belə təsnifatı mövcuddur. Sezai Karakoç hətta ilhamın rənglərini müəyyənləşdirirdi: ağ, qara ilham; məqamını dəqiqləşdirirdi: uca, səmavi və ilahi ilham… Platon şairin ilham yolu ilə ağlını aşan biliyə çatdığını qeyd edirdi. Bütövlükdə şairin yaradıcılıq prosesində iştirak edən ilhamın sənət əsərinin meydana gəlməsindəki qatqısı danılmazdır. Mövzu isə şərtidir, dəyişkəndir, ona görə heç vaxt fərqləndirə bilmərəm ki, hansı mövzu daha ilhamvericidir.
-Şair və ya yazıçı olaraq özünüzü necə ifadə edirsiniz?
-Bunu əlahəzrət oxucu bilər. Oxucunun mizan-tərəzisi şairin, yazıçının özünü ifadəetmə səviyyəsini daha dəqiq ölçür. Bir də ədəbi tənqid… Düzgün tənqid əsərin, yazıçının mayakıdır. Amma bəzən tənqidin də oxucu dəyərləndirməsindən ciddi təsirləndiyi, hətta asılı vəziyyətə düşdüyü vaxtlar olur. Əgər özümüifadə tərzimdən, yazdıqlarımdan razı qalıb-qalmadığımı nəzərdə tutursunuzsa, bu suala bir cavabım var: mən tamamilə razı qalmadığım əsəri gün üzünə çıxartmıram. Ancaq bu heç də o demək deyil ki, bütün yazdıqlarım şair ruhumu, bədii təfəkkür tərzimi mükəmməl ifadə edir. Özümə iradlarım həmişə var və olacaq.
-Sizin üçün əsər yaratmaqda ən vacib amil nədir?
-Sözə məsuliyyətlə yanaşmaq, ədəbiyyat okeanının suyunu bulandırmamaq! Şeir duruluqdur, saflıqdır, orada qəlp, saxta heç nəyin yeri yoxdur. Şeir yazanda insan öz mənəviyyatının ən məsum, ən təmiz ucalığına yüksəlir. O yüksəkliyin atmosferinə zərrə qədər “çirkli” hava qarışsa, ilk boğulan şairin özü olar. Mən kitab nəşrində də o saflığa sadiq qalmağın daimi müdafiəçisiyəm, oxucunu beyinə yük olacaq cızma-qaralarla aldatmağın əleyhinəyəm. Vaxtilə dəyərli şairimiz Salam Sarvanın kitabında bir fikrini oxumuşdum. Ona sual verirdilər ki, kitabınızın həcmi niyə az alınıb. O isə cavab verirdi: “Ona görə ki, südə su qatmıram”. Mən hər dəfə kitablarımı çapa hazırlayanda o fikri xatırlayıram və düşünürəm ki, “südə su qatmaq”, yaxşı şeirlərin yanında ortabab, özünü razı salmayan cızmaqaranı da oxucuya təqdim etmək şairi hörmətdən salır.
-Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti haqqında nə düşünürsünüz? Yazıçılar və şairlərin cəmiyyətdəki rolu necə olmalıdır?
-Azərbaycan ədəbiyyatı bu gün müxtəlif janrlar, istiqamətlər üzrə öz inkişafındadır. İnkişaf varsa, ədəbiyyat yaşayır deməkdir. Bu inkişaf razılıq doğururmu? Çatışmayan cəhətlər hansılardır? Yaxud ədəbiyyat adına nəşr edilib oxucuya təqdim olunan yazıların hamısına əsər demək olarmı? Bütün bunlar geniş diskussiya tələb edən mövzulardır. Mətləbdən kənara çıxmadan deyim ki, bu gün Azərbaycan ədəbiyyatını bütün dünyada ləyaqətlə təmsil edəcək qüvvətli əsərlər yazılır. İstər poeziya, nəsr, istərsə də dramaturgiya sahəsində çağdaş ədəbiyyatımızın möhtəşəm bədii örnəkləri var. Ədəbiyyatımızın gələcəyinə böyük ümidlə baxıram, çünki onun əzəmətli keçmişi və işıqlı bu günü buna stimul verir. Yazıçı və şairlərin cəmiyyətdəki roluna gəlincə, qeyd etmək istəyirəm ki, insanlar onlara etimad göstərirlər, inanırlar. Bu inamı itirməmək, etimadı sarsıtmamaq üçün sənətkar hər sözünün necə bir rezonans doğuracağını öncədən görməlidir. Əlbəttə, ucuz sensasiya naminə, gündəmdə olmaq xətrinə sənəti gözdən salanlar da olur. Yazıçı, şair, söz adamı xalq içində hörmətli, nüfuzlu, kəlməsi qızıldan qiymətli bir insandır. Ona görə də hamı bu söz adamını şəxsi həyatında da əsərindəki ucalıqda görmək istəyir. Yalnız o zaman o şair, yazıçı müasirlərinə, bütövlükdə cəmiyyətə təsir edə bilər. Düşünün ki, bütün şeirlərində vətəni tərənnüm edən bir şair müharibə şəraitində qaçıb gizlənir, yaxud romanlarında milli-əxlaqi dəyərləri daim təbliğ edən bir nasir əxlaqsızlığı ilə ad çıxarır. Belə bir söz adamına, yəni şəxsiyyəti, real həyatdakı kimliyi ilə əsərlərindəki “mən”i bir-birini inkar edən şairə, yazıçıya kim inanar? Onun cəmiyyətdəki hörmətsizliyi cəmiyyətdəki roluna təsir etməzmi? Bir haşiyə çıxmaq istəyirəm. Mən Azərbaycan Dövlət Pedaqoji Universitetində işə başladığım ilk vaxtlar hamıdan eyni cümləni eşidirdim: “Heyif ki, sən İsmayıl Şıxlının işlədiyi illərdə buranı görmədin”. Əlbəttə, İsmayıl Şıxlının necə böyük bir yazıçı olduğunu bilməyən yoxdur. Məni təəccübləndirən o idi ki, onun aydın şəxsi keyfiyyətlərindən danışanda hamı ilk olaraq “İsmayıl müəllim kimi əxlaqlı insan yer üzünə gəlməyib” ifadəsini işlədirdi. O, xalqın yazıçıdan, alimdən, pedaqoqdan gözləntisinin yanında həm də çox əxlaqlı, qeyrətli bir Azərbaycan kişisinin obrazı kimi yaddaşlara hopmuşdu. 19 yaşımdan çalışdığım bir universitetdə böyük yazıçının, xatirələrdə dərin iz buraxmış alim-pedaqoqun həm də əxlaq simvolu olması mənim şəxsiyyətlə bağlı meyarlarımın aydınlanması baxımından çox şey öyrətmiş oldu. Ona görə də mən yazıçının, şairin cəmiyyətdəki rolu dedikdə, bunu bütöv şəxsiyyət amili ilə əlaqələndirirəm. Və şükürlər olsun ki, bu gün də belə şəxsiyyət-yazıçılarımız, şairlərimiz var. Onların Azərbaycan cəmiyyətinə təsiri isə ilk növbədə milli-mənəvi dəyərlərimizi qoruyub yaşatmaqla bağlıdır.
-Əsərlərinizdə həmişə müəyyən bir fikir və ya ideya varmı, yoxsa siz yaradıcılıqda tam sərbəstliyi üstün tutursunuz?
-Təbii ki, var. Ən sərbəst yazılan, hətta qəbul edilmiş bədii normaları yıxıb dağıdan əsərdə də mütləq fikir, ideya var. Mən milli ədəbiyyatımızın ənənələrini çox sevirəm və bu ənənələrə sadiq qalaraq yazıram. Nəinki milli düşüncə, təfəkkür özünəməxsusluğuna, çoxəsrlik mənəvi-əxlaqi dəyərlərə sədaqət kimi ciddi önəm verdiyim məsələlər, hətta bədii fikri, ideyanı sığdırdığım poetik qəlib, ölçü belə bunu təsdiqləyir. Fikir yazılacaq əsərin qayəsidir, müəllifi yazdıran məqsəddir. Bədii fikir, ideya olmadan heç bir əsər doğula bilməz. İdeyasızlıq prinsipdən, qayədən, məqsəddən məhrumluq deməkdir. Lakin əsərin təkcə güclü bir ideyaya malik olması onun digər çatışmazlıqlarını örtə bilməz. Əsər həm də bəşəri bədii-fəlsəfi problematikası ilə əbədiyaşarlıq qazanır. Dünya ədəbiyyatı tarixində yüz illər öncə yazılan, bu gün də aktuallığını itirməyən, zamanın köhnəldə bilmədiyi təzə-tər əsərlər bu uzunömürlülüyü üçün ideyası ilə yanaşı bəşəri bədii-fəlsəfi problematikasına da borcludur. Viktor Hüqonun “Səfillər”i, “Paris Notrdam kilsəsi” kimi, Lev Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”sı kimi… Bu gün Yaponiyada Tokio metrosunda yol boyu Dostoyevskinin “Cinayət və cəza” romanından gözlərini ayıra bilməyən gənc də, Norveçdə uzaq bir dağ kəndində Teodor Drayzerin “Cenni Herhardt”ı ilə ruhu dincələn çoban da o əsərləri məhz o bəşəri problematikasına görə sevir.
-Şəxsi həyatınızdakı hadisələr və ya başqaları ilə apardığınız söhbətlər sizin yaradıcılığınızda necə əks olunur?
-Hər bir şair özünü yazır. Bu onun şəxsən yaşadığı hadisə də ola bilər, həmsöhbətinin yaratdığı təsir də, uzaqdan müşahidə edib həssaslıq göstərdiyi hər hansı bir əhvalat da… Mənim yaradıcılığımda da belədir, avtobioqrafik məqamlar da var, həmsöhbətimin təsiri də, uzaqdan müşahidə etdiklərim də. Önəmli olan bütün bunların yazıçını nə dərəcədə titrətməsi, onun iç dünyasından keçib özününküləşməsi, daha sonra sözlərə tökülüb işığa qovuşmasıdır. Şair, yazıçı öz dövrünün, mühitinin, xalqının, yaşadığı yerin, daha geniş anlamda dünyanın övladıdır, nə yazırsa yazsın mütləq burada dövrün, mühitin, bütünlükdə dünyanın mövcud durumundan təsirlənəcəkdir. Bu gün mən öz vətənim Azərbaycanda yaşayıram, amma hər bir şeirimdə (eləcə də hər birimizin əsərində), Qəzzada öldürülən uşaqların iniltisi var, Suriyada bombaların dağıdıb məhv etdiyi bütöv bir həyatın ağrısı var, Ukraynadan didərgin düşən ailələrin məhzun siması, xaraba qalan evlərin hüznlü tablosu var, Türkiyə zəlzələsində məhv olan həyatların, itkilərin açdığı yara var. Və zamanla bu təsirlənmələrin obyekti, predmeti dəyişsə də doğurduğu o həssaslıq, yaşatdığı duyğular tufanı dəyişməyəcək.
-Hazırda ədəbiyyata olan maraq necədir? Yazıçı olaraq elmin, texnologiyanın inkişafı ilə bağlı ədəbiyyatın yeni formalarını və platformalarını necə qəbul edirsiniz?
-Ədəbiyyat həmişə mədəniyyətin lideridir, onu yönləndirən, inkişafa aparan sahədir. Musiqi əsəri, səhnə əsəri, televiziya, radio… adlarını çəkmədiyim nə qədər istiqamətlərin inkişafı bilavasitə ədəbiyyatdan asılıdır. Librettosuz opera, ssenarisiz kino, dram əsəri olmadan teatr, şeirsiz mahnı… yaradıla bilməz. Ona görə də ədəbiyyata maraqdan bəhs edəndə ancaq kitabdan əsər oxumağı nəzərdə tutmaq yanlışdır. Hər axşam televiziyadan seyr etdiyimiz verilişlər, seriallar, bədii, sənədli filmlər və s. də ədəbiyyata maraq göstəricisi kimi diqqət mərkəzində saxlanılmalıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu gün ədəbiyyata maraq qibtə ediləcək bir səviyyədədir. Elektron jurnalların, saytların oxucu auditoriyasının ağlasığmaz dərəcədə genişlənməsi təkcə dövri mətbuatda dərc edilən ədəbi yazılara nə qədər böyük maraq olduğunu göstərir. Hələ mən beynəlxalq kitab satış mərkəzlərində dünyanın şedevr əsərlərinə olan oxucu tələbatından bəhs etmirəm. Mən bir çox müasirim kimi ədəbiyyata marağın azaldığı qənaətində deyiləm. Əksinə, bugünkü oxucunun daha çox ağı qaradan seçdiyini, nə oxuduğuna fikir verdiyini düşünürəm. Və bu oxucunu əsla aldatmaq mümkün deyil. Sualın ikinci qisminə gəlincə, qeyd edim ki, ədəbiyyat daim dəyişir, yeni formalarla zənginləşir. Texnologiyanın inkişafı ilə bu dəyişmə daha da sürətlənir, bu zənginlik müxtəlif çalarlarda özünü göstərir. Şəbəkə ədəbiyyatı, virtual ədəbiyyat örnəkləri qələmlə yazılanlardan, kağız üzərində nəşr edilən əsərlərdən heç də az diqqət çəkmir. Artıq postmodernizmin belə tarix olmağa üz tutduğu, şəbəkə ədəbiyyatının texnologiyanın bütün imkanlarından yararlı şəkildə istifadə ilə inkişaf etdiyi bir dönəmdə yaşayırıq. Əlbəttə, bunun da qeyd-şərtsiz qəbul etmədiyimiz obyektiv və subyektiv tərəfləri var. Ancaq ədəbiyyatın bu şəkildə inkişafı həm oxucunun, həm də yazıçının qarşısında yeni imkanlar açır, mədəniyyətin, intellektin, ictimai şüurun, bütövlükdə cəmiyyətin inkişafına önəmli təsir göstərir.
-Sizin üçün bir şeir tamamlandığında hansı hisslər yaranır? Yazıçı olaraq tamamlanmamış əsərləri necə idarə edirsiniz?
-Tamamlanmamış əsər mənim üçün sonadək demədiyim cümlədir. Yəni lazım bilsəm o cümləni bitirərdim, yarıda kəsməzdim. Amma o bitməmiş cümləyə, tamamlanmamış şeirə qıymadığım vaxtlarda onlarla necə davranacağımı da düşünmüşəm. “Dərdin pıçıltısı” adlı ilk şeirlər kitabımda belə bir başlıq var: “Beş-üç misra qalıb söz döyüşündə / Ölən şeirlərə əlvida kimi”. Həmin başlıq altında tamamlanmamış şeirlərimdən bəndləri vermişəm və çox yaxşı qarşılanıb. Əslində təkbaşına bir bənd belə dərin təəssürat yarada bilir. Ona görə də bəzən müəllif üçün tamamlanmamış olan mətn oxucu üçün bitkin əsərdir.
-Sizcə, tərcümə ədəbiyyatın universal dilini yaratmaqda hansı rol oynayır?
-Tərcümə təkcə ədəbi körpülər qurmaqda önəmli deyil, həm də ümumilikdə ədəbiyyatın inkişaf kontekstini genişləndirməkdə, miqyasını müəyyənləşdirməkdədir. Bəzən isə tam əksinə, uğursuz tərcümə ədəbiyyatı gözdən salmaqda, müəllifin nüfuzuna xələl gətirməkdə, istedadını şübhə altına almaqdadır. Ədəbiyyatın universal dilini yaratmaq isə çox geniş bir diskussiya mövzusudur. Postmodernizmin böyük nümayəndələrindən olan Con Faulz fəlsəfi esse və aforizmlərinin toplandığı “Aristos” kitabında yazırdı ki, universal dil dörd tələbə cavab verməlidir, bunlardan birincisi odur ki, universal dil artıq mövcud olan və ən geniş yayılmış dilə əsaslanmalıdır; ikincisi, o sintetik yox, analitik olmalıdır; üçüncüsü, bu dil sözləri yazmaq için məhdud sayda işarədən ibarət bir fonetik sistemə malik olmalıdır; dördüncüsü, effektiv və sadə, yaxud təməl ünsiyyəti təmin etməklə yanaşı, zəngin və çevik, daha mürəkkəb səviyyədə ünsiyyət qura bilməyə də yararlı olmalıdır. Süni şəkildə yaradılan esperanto, ido kimi dillərin uğursuzluqla nəticələndiyini xatırladıqda Con Faulzun universal dil qarşısında qoyduğu tələblərin nə qədər önəmli olduğunu görürük. Və o dil uğursuzluğa uğrayır ki, onun ədəbiyyatı yoxdur. Con Faulzun düşüncəsinə görə bütün dünya dillərindən ən az sintetik olan ingilis dilidir, ona görə də bu dildə oxumaq, öyrənmək və anlamaq rahatdır. O universal dil tələblərinə ingilis dilini çox uyğun görürdü. Buradan bəlli olur ki, ədəbiyyatın universal dili hansı dil ola bilər. Biz əsərlərimizi dünyaya təqdim etmək üçün ingilis dilinə tərcümə etdiririk. Daha sonra başqa dillərə… Baxmayaraq ki, müasir dünyada Çin, ispan və digər dillər də üstün mövqedədir, daha çox ingilis dili əsər müəllifini yetərincə tanıda bilir. Bu gün dünya yazıçıları bir-birinin əsərlərini ingiliscə oxuyur. Ona görə də belə hesab edirəm ki, ədəbiyyatın artıq universal dili var. Və tərcümələr də bu dildən başqa dillərə rahat yol tapır. Sualınız tərcümələrlə bağlı olduğundan bir düşüncəmi də bölüşmək istəyirəm: tərcümə məsuliyyətli sahədir, lakin son vaxtlar rast gəldiyimiz bəzi imzalar, çox səviyyəsiz mətnlər göstərir ki, tərcüməçi hər hansı təmənna üçün ədəbiyyat adına əlinə keçən cəfəngiyatı tərcümə edir. Ədəbiyyat aləmində naşıların cızma-qarasını tərcümə edib dünya oxucusuna əsər adıyla təqdim etmək əsl ədəbiyyata hörmətsizlikdir.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Bütöv Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
İlk şərhi yaza bilərsiniz