Press "Enter" to skip to content

4 ildə görülən işlər gələcək uğurların təminatıdır

Nadir İsmayılov

Yaxud Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən 4 il ərzində səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman ön sırada olub

Nadir İSMAYILOVOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

BAYRAQDAR MEDİA – Dünyada rəqəmlərə yanaşma müxtəlifdir. Lakin elə rəqəmlər var ki, onlara ümüumi fəlsəfi yanaşma sərgilənir. Məsələn 4 rəqəmi kimi. 4 rəqəmi həyat əhəmiyyətli bir çox məqamları özündə ehtiva edir. Məsələn, ilin 4 fəsli, həyatın 4 ünsürü (od, su, hava, torpaq), dünyanın 4 bucağı və s.
4 rəqəmi ilə bağlı misalları təsadüfən çəkmədik.

Agentliyin 4 illik hesabatı ilə bağlı mətbuat konfransı
Agentliyin 4 illik hesabatı ilə bağlı mətbuat konfransı

Məsələ burasındadır ki, yazımızın qəhrəmanı dörd yaşını başa vurub, 4 illik fəaliyytini uğurla tamamlayıb 5-ci yaşına qədəm qoyan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Agentlik ötən 4 il ərzində səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman ön sırada olub.

2022-ci ildə 76, 2023-cü ildə 87.5, 2024-cü ildə isə 97.3 faizlik nəticə

Agnetlik bu müddətdə dövlətin, şəxsən Prezident İlham Əliyevin müvafiq sahə ilə bağlı qarşıya qoyduğu işləri şərəflə və yüksək məhsuldarlıqlı həyata keçirib. Məhz bunun nəticəsidir ki, Agentlik Prezident İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76 faiz, 2023-cü ildə 87.5 faiz, 2024-cü ildə isə 97.3 faizlik nəticə göstərib. Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.

Agentliyin 5 yaşına qədəm qoyması 5-lərin əlamətdar olduğu ilə təsadüf edir

Beləliklə, Agentlik 5 yaşına bu uğurlar fonunda qədəm qoyur. Ən maraqlısı isə odur ki, Agentliyin 5 yaşına qədəm qoyması 5-lərin əlamətdar olduğu ilə təsadüf edir. Əvvəla, 5 yaşa qədəm qoymaq 2025-ci ilə təsadüf edir. 2025-ci il isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. Çünki 2025-ci il müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul olunmasının 30-cu ildönümüdür. Konstitusiyamız 1995-ci il noyabrın 12-də qəbul edilib.

2025-ci il həm də tarixi Zəfərin əldə edildiyi 44 günlük Vətən savaşının başlanmasının 5-ci ildönümüdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.

Bu, həm Agentliyin, həm də ümumilikdə Azərbaycanın QHT sektorunun üzərinə mühüm vəzifələr qoyur

Göründüyü kimi Agentliyin 5 yaşına qədəm qoyduğu 2025-ci il Azərbaycan üçün mühüm və əlamətdar bir ildir. Heç şübhəsiz ki, bunun özü də həm Agentliyin, həm də ümumilikdə Azərbaycanın QHT sektorunun üzərinə mühüm vəzifələr qoyur. Çünki konstitusiyanın və milli suverenliyin keşiyində dayanmaq həm də ictimai sektor təmsilçilərinin ümdə vəzifəsidir.

Agentliyin 5 yaşına qədəm qoyduğu 2025-ci il Azərbaycan üçün mühüm və əlamətdar bir ildir
Agentliyin 5 yaşına qədəm qoyduğu 2025-ci il Azərbaycan üçün mühüm və əlamətdar bir ildir

Yeri gəlmişkən, ötən 4 il ərzindıə bu istiqamətdə Azərbaycanın QHT sektoru bir vacib imtahandan da şərəflə çıxdı. Söhbət Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrın 12-də başlanmış və 138 gün davam etmiş möhtəşəm ekoaksiyadan gedir.

Məhz həmin vaxt QHT sektoru mühüm mütəşəkkillik nümayiş etdirərərk tarix yazdı. Bunun da kökündə sektorda atılan yeni inamlı addımlar, reallaşdırılmağa başlanan islahatlar, ən əsası QHT-lərin “öncə mən” təfəkküründən xilas olaraq “öncə Vətən” ali prinsipi ətrafında səfərbər olması dayanırdı.

Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrın 12-də başlanmış və 138 gün davam etmiş möhtəşəm ekoaksiyanın ilk günləri
Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrın 12-də başlanmış və 138 gün davam etmiş möhtəşəm ekoaksiyanın ilk günləri

Məhz bundan irəli gələrək, əminliklə deyə bilərik ki, Agentliyin 5 yaşına qədəm qoyduğu ildə, Azərbaycan üçün mühüm önəm kəsb edən “Konstitusiya və Suverenlik İli”ndə də QHT sektoru öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Çünki bunun üçün səmərəli fəaliyyət proqramı, gələcəyə hesablanmış “yol xəritəsi”, ən əsası isə o “yol xəritəsi”ni reallaşdırmaq üçün BAYRAQDARLIQ edəcək QHT Agentliyinin məhsuldar komandası var. Elə bir komanda ki, üzərində xüsusi olaraq dayanılması vacib olan bir neçə sahədə xüsusi uğur əldə edib.

Agentlik Azərbaycan QHT-lərinin vahid ailəsinə çevrilməyi bacarıb

Bunlardan birincisi odur ki, bu gün, yəni aprelin 19-da 4 yaşı tamam olan Agentlik ötən qısa zaman ərzində, belə deyək ki, Azərbaycan QHT-lərinin vahid ailəsinə çevrilməyi bacarıb. Bunun da kökündə yaddaqalan və dövlətin, xalqın mənafeyinə xidmət edən addımlar dayanır.

COP29 günlərindən xatirə
COP29 günlərindən xatirə

Bu sırada hər bir QHT-nin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən qrant layihələrini qeyd etmək vacibdir. Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib. Ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib. Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb.

2025-ci ilin qrant müsabiqəsi ilə bağlı infosessiya
2025-ci ilin qrant müsabiqəsi ilə bağlı infosessiya

Təbii ki, qrant müsabiqələri ilə bağlı bir məqamı da qeyd etməliyik. Söhbət QHT-lər üçün qrant müsabiqələrinin yeni qaydalar əsasında, şəffaf şəkildə keçirilməsindən gedir. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar 2023-cü il qəbul etdiyi yeni qaydalar öz müsbət bəhrəsini verir. Biz bunu 2025-ci il üzrə qrant müsabiqələrinə QHT-lərin yanaşmasında bir daha aydın görürük.

Məsələn, Agentliyin məlumatına əsasən bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığı müşahidə edilir. Bu, adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, Agentliyin işinə olan ictimai etimadın göstəricisidir. Çünki Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır.

COP29 Azərbaycanın QHT sektorunun qlobal proseslərə hazır olduğunu da göstərdi

İkinci məqam, 2024-cü ildə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlıdır. Çünki COP29 həm də QHT Agentliyinin səfərbər etdiyi vətəndaş cəmiyyətinin fəallığı ilə yadda qaldı. Ümumiyyətlə, COP29, eyni zamanda, Azərbaycanın QHT sektorunun fəallığı ilə seçildiyini, ən strateji məqamlarda dövlətin yanında olduğunu və qlobal proseslərə hazır olduğunu da göstərdi.

COP29 həm də yeni əməkdaşlıqlara vəsilə oldu
COP29 həm də yeni əməkdaşlıqlara vəsilə oldu

Konkret rəqəmlərə gəlincə, COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyətdə olub, COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirilib.

COP29 çərçivəsində Qərbi Azərbaycanın mətbəx nümunələri təqdim edildi
COP29 çərçivəsində Qərbi Azərbaycanın mətbəx nümunələri təqdim edildi

Bu tədbirlərdə ümumilikdə 2500 nəfərdən çox QHT təmsilçisi iştirak edib. Onların da 70 faizindən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri olub. Bundan başqa, COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil olunub. İqlim diplomatiyasına dair Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransı, Türk Dövlətləri QHT-lərinin forumu, COP28, COP29, COP30 ölkələrinin QHT-lərinin forumu, Xəzər dənizinin ekologiyası mövzusunda forum bu qəbildəndir.

COP29 günlərindən xatirə
COP29 günlərindən xatirə

Agentlik üçün böyük uğurdur ki, COP29 çərçivəsində 2024-cü ilin noyabrında Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransında iştirak edən xarici QHT-lər müzakirələrin yekununda Qlobal Cənub QHT Platformasının yaradılması barədə razılığa gəldilər. Həmin beynəlxalq tədbirdə Azərbaycan Milli QHT Forumunun bu təşəbbüsünü dəstəkləyən bəyanata 137 ölkədən 1000-dən çox QHT qoşuldu. Prosesin ardı olaraq, bir neçə gündən sonra – aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

Agentliyin çevik və məhsuldar komandası, türk dünyasının birliyinin  gücləndirilməsi üçün həyata keçirilən siyasətə dəstək istiqamətində də öz sözün deyir

Yuxarıda qeyd etdik ki, COP29 günlərində Türk Dövlətləri QHT-lərinin forumu da keçirilib. Diqqətə çatdıraq ki, bu, Türk Dövlətləri QHT-lərinin ilk beynəlxalq tədbiri kimi tarixə düşdü. Ümumiyyətlə isə dövlətin QHT sektoruna göstərdiyi diqqət və qayğıdan güc alaraq bu sektorun daha səmərəli fəaliyyət göstərməsi üçün davamlı addımlar atan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin çevik və məhsuldar komandası, türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün həyata keçirilən siyasətə dəstək istiqamətində də öz sözün deyir, imzasını atır.

Özbəkistan səfərindən xatirə
Özbəkistan səfərindən xatirə

Agentliyin İcraçı direktoru Aygün Əliyevanın da dediyi kimi “Vətən müharibəsində qazanılan qətiyyətli Zəfərdən sonra Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı səviyyəsində səylərimizi davam etdirəcəyik, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri arasında inkişafına xüsusi təkan verdi”.

Özbəkistanda maraqlı müzakirə zamanı
Özbəkistanda maraqlı müzakirə zamanı

Məhz bundan irəli gələrək Agentlik Türkiyə və Özbəkistan QHT-ləri ilə əməkdaşlıq istiqamətində mühüm işlər görüb. Bu sırada ilkin addım Azərbaycanın və qardaş Türkiyənin QHT-ləri arasında genişspektrli əlaqələrin qurulması ilə qoyulub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevaya Özbəkistan Prezidentinin təsis etdiyi xüsusi mükafatı təqdim edilərkən
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevaya Özbəkistan Prezidentinin təsis etdiyi xüsusi mükafatı təqdim edilərkən

Eyni zamanda, digər qardaş ölkə olan Özbəkistanın QHT sektoru ilə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. 2023-cü ilin noyabrında Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu prosesin rəsmiləşməsinə vəsilə oldusa, 2024-cü il, dekabrın 5-də Daşkənddə keçirilən ikinci forum isə artıq prosesin davamlı hal aldığını nümayiş etdirdi.

Həmin səfər çərçivəsində Azərbaycan və Özbəkistan QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində hər iki ölkənin bir neçə ikitərəfli müqavilələri imzalandı ki, bu da artıq QHT sektorunda Türk dünyasının inteqrasiya prosesində Azərbaycanın ön sırada getdiyinə növbəti təsdiq idi.

Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum zamanı
Bakıda keçirilən “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum zamanı

Daşkənddə keçirilən forum çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Özbəkistan Prezidentinin təsis etdiyi xüsusi mükafata layiq görülməsi Azərbaycan QHT sektorunun da dövlətin addımlarına, siyasətinə dəstək olaraq Türk dünyası məsələsində ön sırada getdiyini bütün dünyaya nümayiş etdirmiş oldu.Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı

2025-ci ilin martında isə Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və səfər çərçivəsində də Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum reallaşdı.

Agentlik növbəti yaşına qürurla qədəm qoyur

Bütün bu sadalananlar kontekstində Agentlik növbəti yaşına qürurla qədəm qoyur. Bu yeni yaşda, ümumilikdə hər yeni ildə Agentliyin yeni-yeni uğurlara imza atacağı isə şübhəsizdir.

Agentliyin məhsuldar komandası
Agentliyin məhsuldar komandası

Çünki bunun üçün kifayət qədər əsas var. Bunun üçün ortada 4 il ərzində görülmüş işlər var. Bunun üçün əzmkar komanda var. Məhz buradan yola çıxaraq məşhur “etdiklərimiz edəcəklərimizn təminatıdır” kəlamını xatırladaraq belə deyə bilərik – QHT-lərə Dövlət Dəstəyi Agentliyi qarşıya qoyulan hədəflərə də uğurla nail olacaq. Çünki ötən 4 il ərzində edilənlər, sərgilənən səmərəli fəaliyyət həm də qazanaılacaq yeni uğurların təminatı kimi çıxış edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.