Press "Enter" to skip to content

Zakir Həsənov Türkiyə HDQ komandanını qəbul edib – VİDEO

Zakir Həsənov Türkiyə HDQ komandanını qəbul edib

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqlar əvvəlcə Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub. Sonra Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, xatirələri dərin hörmət və ehtiramla yad edilib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri düzüblər. Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını xüsusi olaraq qeyd edib. Hər zaman qardaş ölkəyə səfərlərindən və orada keçirdiyi görüşlərdən razı qaldığını bildirən Z.Həsənov Türkiyədə keçirilən beynəlxalq təlimlərin təşkilatçılığını, eləcə də iştirak edən hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib”.

Daha sonra xəbərdə, “donanma admiralı E.Tatlıoğlu da öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Yüksək rütbəli qonaq strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrin hər iki qardaş ölkənin HDQ-nin inkişafına da müsbət təsirini diqqətə çatdırıb. Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub, hər iki ölkənin HDQ arasında əlaqələrin imkan və perspektivlərindən danışılıb” deyə qeyd olunur.

Daha sonra Azərbaycan müdafiə nazirinin müşaviri general-polkovnik Bahtiyar Ersay ilə görüş keçirilib. Səmimi dialoq çərçivəsində keçən görüşdə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərin müsbət nəticələri barədə geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti sonda Azərbaycan HDQ-ni ziyarət edib. Qonaqları qarşılayan Azərbaycan HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov türkiyəli həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.