Press "Enter" to skip to content

Sabaha yönəlik birgə baxış

Əkbər Qoşalı

Əkbər Qoşalı: Ortaq dəyərlər Azərbaycan-Gürcüstan bağlarını gündəlik siyasətin dəyişkən dalğalarından qoruyan əsas dayaqlardır

BAYRAQDAR MEDİA – “Bu səfər – təkcə iki ölkə arasında keçmişə dayanan güvənə əsaslanmır, o həm də bu günün gerçəkliklərinə cavab, sabaha yönəlik birgə baxışdır”.

Bunu Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfərini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfəri 2025-ci ilin 16 aprelində Azərbaycana oldu: “Bu, belə demək olarsa, protokol xəttindən daha çox strateji və rəmzi səciyyə daşıyan bir hadisədir. Həm Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi ikitərəfli görüş, həm də birgə mətbuat konfransında səsləndirilən bəyanatlar Güney Qafqazın geosiyasi konfiqurasiyasında Bakı-Tiflis tandeminin möhkəm qaldığını bir daha təsdiqlədi”.

Ə.Qoşalı bildirib ki, Azərbaycan və Gürcüstan müstəqilliklərini bərpa etdikləri ilk dönəmlərdən strateji müttəfiqlik kursuna sadiq qaldılar: “XX yüzilin 90-cı illərində bölgədə meydana çıxan münaqişələr – özəlliklə Abxaziya və Güney Osetiyada baş qaldıran separatizm, eləcə də bizim Qarabağ və çevrəsinin işğalı – bu iki dövləti həm oxşar təhlükələr, həm də oxşar çağırışlar qarşısında qoydu. Tiflis və Bakı “ərazi bütövlüyü prinsipi”ni həm beynəlxalq hüququn möhkəm dayağı, həm də qarşılıqlı milli təhlükəsizlik qarantiyası kimi dəyərləndirdirməkdə haqlıydı”.

Müsahibimiz vurğulayıb ki, 1998-ci ildən başlayaraq Bakı-Supsa, daha sonra Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum enerji dəhlizləri, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə iki ölkə ortaq geoiqtisadi məkan yaratdı: “Bu yalnız iqtisadi işbirliyi deyil, həm də siyasi güvən arxitekturası idi. Gürcüstan NATO və Avropa Birliyi ilə yaxınlaşma yolunda Azərbaycanın dəstəyini daim hiss etdi, Azərbaycan isə öz enerji ixracının sabit marşrutunda Tiflisə etibar etdi”.

Əkbər Qoşalı “İlham Əliyevlə Mixeil Kavelaşvilinin birgə bəyanatında vurğulandığı kimi, hazırkı mərhələdə işbirliyinin əsas dayaqları dəyişməyib-enerji təhlükəsizliyi, daşımaçılıq infrastrukturunun çağdaşlaşdırılması, dayanıqlı iqtisadi inkişaf və bölgəsəl sabitlik. Özəlliklə Güney Qaz Dəhlizi çərçivəsində Gürcüstan üzərindən Avropaya uzanan təbii qaz axını, bu ölkənin də enerji qovşağına çevrilməsində Azərbaycanın rolunu artırır” deyə qeyd edib.

“Bəs hazırkı mərhələnin fərqi nədir” sualına gəlincə Ə.Qoşalı aşaıdakıları bildirib: “Bölgə post-münaqişə dönəmindədir. Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi ilə Güney Qafqazda yeni siyasi gerçəkliklər formalaşıb. Gürcüstanın da Abxaziya və Güney Osetiya ilə bağlı haqlı mövqeyi var və Azərbaycan bu məsələdə daim Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Mətbuat konfransında Prezident Əliyevin Gürcüstanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulaması, bir növ Azərbaycanın strateji təşəkkürünün ifadəsidir. Mixeil Kavelaşvilinin Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə bağlı təbriki isə ortaq yaşıl enerji gündəliyinin yaxın gələcəkdə də prioritet olacağını göstərir. Hazırkı qlobal və bölgəsəl gerçəkliklər – özəlliklə Qara dəniz hövzəsində geosiyasi rəqabətin artması, Gendoğardan Günbatara ticarət marşrutlarının daha önəmli hala gəlməsi və s. – Azərbaycan ilə Gürcüstanı təkcə tərəfdaş deyil, strateji alyans halına gətirir. Bu müttəfiqlik yalnız iqtisadi deyil, necə deyərlər, normativ və etik müstəvidə də formalaşır. Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik, sərhədlərin toxunulmazlığı, qarşılıqlı sayğı – sadiqdir. Belə ortaq dəyərlər isə Azərbaycan-Gürcüstan bağlarını gündəlik siyasətin dəyişkən dalğalarından qoruyan əsas dayaqlardır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.