Press "Enter" to skip to content

Görülən işlərin hesabatı verilib, qarşıdakı planlar açıqlanıb

Tədbir zamanı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirib

BAYRAQDAR MEDİA – “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il aprelin 19-da yaradılıb, fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib”.

Bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva aprelin 18-də keçirilən mətbuat konfransında bildirib.

Aygün Əliyeva: Ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib

İcraçı direktoru deyib ki, ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib: “Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb”.

Aygün Əliyeva
Aygün Əliyeva

İcraçı direktor, həmçinin “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76 faiz, 2023-cü ildə 87.5 faiz, 2024-cü ildə isə 97.3 faizlik nəticə göstərib. Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb” deyə qeyd edib.

Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb

Aygün Əliyeva vurğulayıb ki, Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb – ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb: “Layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb. Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib”.

Fatimə Əbdüləzimova: QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır

Agentliyin informasiya kommunikasiya məsələləri üzrə meneceri Fatimə Əbdüləzimova qeyd edib ki, hazırda Agentliyin elektron xidmətlər portalı çərçivəsində bir neçə vacib proqram təminatı məhsulu fəaliyyət göstərir: “QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır”.

Fatimə Əbdüləzimova
Fatimə Əbdüləzimova

Bildirilib ki, “qarşıdakı dövrdə elektron portalda plagiat layihələrin daha çevik aşkarlanması, layihələrin icrası dövründə monitorinq və nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün əlavə funksiyalar işə düşəcək”.

Elnur Bağırlı: 2025-ci ildə QHT-lərin İnkişaf və Mübadilə Proqramının Şuşa şəhərində keçirilməsi planlaşdırılır

Agentliyin departament müdiri Elnur Bağırlı hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edildiyini deyib.

Elnur Bağırlı
Elnur Bağırlı

O, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilmiş bu proqramları uğurla başa vurmuş 500-dək QHT-nin sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb: “Bu il isə QHT-lərin İnkişaf və Mübadilə Proqramının ilk dəfə Böyük Qayıdışın baş verdiyi azad edilmiş ərazilərdə – Şuşa şəhərində keçirilməsi planlaşdırılır”.

COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil olunub

Mətbuat konfransında o da vurğulanıb ki, COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyətdə olub, COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirilib.

Tədbir zamanı
Tədbir zamanı

Qeyd edilib ki, bu tədbirlərdə ümumilikdə 2500 nəfərdən çox QHT təmsilçisi iştirak edib: “Onların da 70 faizindən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri olub. Bundan başqa, COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil olunub. İqlim diplomatiyasına dair Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransı, Türk Dövlətləri QHT-lərinin forumu, COP28, COP29, COP30 ölkələrinin QHT-lərinin forumu, Xəzər dənizinin ekologiyası mövzusunda forum bu qəbildəndir”.

Tədbir zamanı
Tədbir zamanı

Toplantıda həmçinin bildirilib ki, Agentlik üçün böyük qürurdur ki, COP29 çərçivəsində 2024-cü ilin noyabrında Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransında iştirak edən xarici QHT-lər müzakirələrin yekununda Qlobal Cənub QHT Platformasının yaradılması barədə razılığa gəliblər. Həmin beynəlxalq tədbirdə Azərbaycan Milli QHT Forumunun bu təşəbbüsünü dəstəkləyən bəyanata 137 ölkədən 1000-dən çox QHT qoşulub. Prosesin ardı olaraq, bir neçə gündən sonra – aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb

O da qeyd olunub ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb: “2025-ci ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb”.

Tədbir zamanı
Tədbir zamanı

Bildirilib ki, “Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır”.

2025-ci ildə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva sonda onu da bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.

Aygün Əliyeva bəyan edib ki, Agentlik QHT-lərin uğurlu təşəbbüs və layihələrinə bundan sonra da dəstək olacaq
Aygün Əliyeva bəyan edib ki, Agentlik QHT-lərin uğurlu təşəbbüs və layihələrinə bundan sonra da dəstək olacaq

Mətbuat konfransında son illər Azərbaycan QHT-lərinin cəmiyyətin inkişafına müsbət töhfələrini daha da artırmağa çalışması minnətdarlıqla vurğulanıb, qeyd olunub ki, Agentlik QHT-lərin uğurlu təşəbbüs və layihələrinə bundan sonra da dəstək olacaq.

Ülviyyə Qarayeva: Yeni loqotip Agentliyin fəaliyyətinin əsas qayəsinə, fəlsəfəsinə uyğun hazırlanıb

Ülviyyə Qarayeva (solda)
Ülviyyə Qarayeva (solda)

Toplantıda həmçinin Agentliyin yeni loqotipi ictimaiyyətə təqdim edilib. Qurumun media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva loqotipin Agentliyin fəaliyyətinin əsas qayəsinə, fəlsəfəsinə uyğun hazırlandığı bildirib, məna açılışlarını izah edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.