Press "Enter" to skip to content

Ankarada erməni vəhşiliklərindın bəhs edilib 

Panel zamanı

“XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda panel təşkil olunub

BAYRAQDAR MEDİA – Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə Ankarada “XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda panel təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “tədbir şəhidlərin ruhuna 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə açılıb. Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen çıxışında XX əsrdə ermənilər tərəfindən türklərə qarşı törədilmiş zülmlər mövzusuna çox toxunulmadığını ifadə edərək, ermənilərin bu qanlı fəaliyyətinin arxasında “Böyük Ermənistan” yaratmaq niyyətinin durduğunu qeyd edib. Güney Qafqazda və Anadoluda ortaya çıxan kütləvi məzarların bu qətliamlara işıq tutduğunu bildirən Özgen dünyada Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş ikili standartlara da toxunub”.

Səfir çıxışçılara təşəkkür bəlgəsi təqdim edərkən
Səfir çıxışçılara təşəkkür bəlgəsi təqdim edərkən

Məlumata görə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışında ermənilərin tarixən müxtəlif imperialist güclər tərəfindən türklərə qarşı soyqırımlara təşviq edildiyini qeyd edib: “Qondarma “erməni soyqırımı” mövzusuna toxunan səfir, hazırda da ermənilərin türklərə qarşı istifadə olunmağa davam edildiyini qeyd edib. Səfir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesindən də danışaraq Azərbaycanın dayanıqlı sülh üçün təşəbbüs irəli sürdüyünü, bunun üçün də gərəkli şərtlərin yerinə yetirilməsinin zəruri olduğunu ifadə edib”.

Sonra Professor Hikmət Özdəmirin moderatorluğu ilə panel keçirilib: “Paneldə Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, Yıldız Texnik Universitetinin professoru Mehmet Akif Okur və Bayburt Universitetinin dosenti Ramin Sadiq mövzu ilə bağlı ətraflı müzakirələr aparıblar. Professor İbrahim Ethem Atnur silahlı erməni quldur dəstələrinin Doğu Anadolu vilayətlərində törətdiyi faciələr haqqında tarixi sənədlərə əsasən danışıb və bu zülmlərin ermənilərin Türkiyədən toplu köçürülməsi üçün əsas olduğunu qeyd edib. Professor Toğrul İsmayıl Güney Qafqazda törədilmiş qırğınlardan danışıb və XX əsr boyunca Azərbaycanda törədilmiş soyqırım və kütləvi qətliamlara, terror aktları və deportasiyalara, onların qurbanlarına dair statistikanı təqdim edib. O, çar Rusiyası tərəfindən aparılan “bölgəni türksüzləşdirmə siyasəti” barədə ətraflı məlumat verib”.

Məlumata əsasən, Professor Mehmet Akif Okur “Beynəlxalq hüququda geri dönüş haqqı və məcburi köçürülən Azərbaycan türkləri” mövzusunda danışıb: “O, XX əsrin əvvəllərinə aid Fransa arxivində olan xəritələrdə Zəngəzurun Azərbaycan torpağı olaraq göstərildiyini, yüzillik boyunca azərbaycanlı əhalinin tarixi torpaqlarından zorla qovulduğunu qeyd edib, geri dönüş hüququnun universal haqq olduğunu vurğulayıb, beynəlxaq hüquqi sənədlərə istinad edərək, Ermənistanın buna etirazının tam əsassız olduğunu səsləndirib”.

Məlumatda o da qeyd edilib ki, Dosent Ramin Sadiq “XX əsrin əvvəllərində Azərbaycanda erməni vəhşilikləri” mövzusunda çıxış edib: “O çıxışında tarixi faktlara əsaslanaraq çar Rusiyasının XIX əsrdə Güney Qafqazı işğal etməsi, Doğu Anadolu və İrandan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə danışıb, XX əsrin əvvəlində azərbaycanlılara qarşı həyata keçirilən qırğınların təməlində məhz bu siyasətin durduğunu qeyd edib”.

Panelin sonunda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.