Press "Enter" to skip to content

Xalq artisti Alim Qasımov məktəblilərlə görüşüb

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Məşhur muğam ustası, Xalq artisti, Dövlət Makafatı laureatı Alim Qasımov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyada keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “qonaq əvvəlcə gimnaziya şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıb, təhsil ocağının “Şərəf kitabı”na ürək sözlərini yazıb. Sevimli sənətkarı alqışlarla qarşılayan məktəblilər onunla səmimi söhbətlər edərək, şəkillər çəkdirərək akt zalına qədər müşayiət ediblər”.

Məlumata görə, A.Qasımov vaxtilə oxuduğu Şamaxının Nabur kənd məktəbində ona dərs deyən müəllimlərindən, məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, muğam sənətinə gəlişi, ona bu yolda dəstək olan sənətkarlardan danışıb: “Muğamın fəlsəfəsindən, onun insan həyatına, mənəvi tərbiyəsinə təsirlərindən bəhs edən sənətkar məktəblilərə dünya musiqisinin bənzərsiz nümunəsi olan Azərbaycan muğamının UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” siyahısına daxil edilməsindən, dövlət səviyyəsində, xüsusilə Heydər Əliyev Fondu tərəfindən muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıb. Ustad sənətkarın sorağı ilə digər məktəblərdən təşrif buyuran gənc ifaçılar- Mətləb Əhmədzadə və Ayan Əliyeva canlı ifalar səsləndirib, ustaddan məsləhətlər alıblar. “Hər çıxışım mənim üçün bir imtahandır”, deyən A.Qasımov gənclərə daim öz üzərlərində çalışmağı tövsiyə edib, onlara böyük səhnə uğurları arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.