BAYRAQDAR MEDİA – Aprelin 17-də Şuşa şəhərində “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu işə keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə gerçəkləşən forumda Azərbaycandan və ICESCO-dan rəsmilər, quruma üzv bir sıra respublikalardan nümayəndələr, mədəniyyət xadimləri və media təmsilçiləri iştirak edirlər. Forumun məqsədi İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın genişləndirilməsi, İslam irsinin qorunması və təbliğinə töhfə vermək üçün mexanizmlərin hazırlanması, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərzilərində aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərdə Ermənistanın işğal dövründə vandalizmə məruz qalmış tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri diqqətə çatdırmaqdır”.
Sonra xəbərdə, “mədəniyyət nazirinin müavini Səadət Yusifova forum iştirakçılarını nazir Adil Kərimlinin adından salamlayıb. Açılış nitqi söyləyən nazir müavini forumun aktual mövzuya həsr olunduğunu deyib: “Forum “Şuşa – 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının mühüm tərkib hissəsidir. Təəssüf ki, biz silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkəyik. Mədəni obyektlərin dağıdılması, talan edilməsi və təhqir olunması bizi təkcə keçmişimizdən məhrum etmir, həm də kollektiv yaddaşımızın təməlini sarsıdır””.
Xəbərdə həmçinin “qeyd olunub ki, forumda ICESCO-ya üzv dövlətlərin siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri, alimləri ilə birlikdə silahlı münaqişələr zamanı və ondan sonra İslam dünyasında mədəni irsin qorunması və canlandırılması problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub. Forumda praktiki strategiyalar, birgə səylər və münaqişə zonalarında təhlükə altında olan mədəni irsin qorunmasında İslam ölkələrinin əməkdaşlığının rolu müzakirə olunacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib. ICESCO Bakı Regional Ofisinin direktoru Abdulhakim əl-Sənan təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin adından forum iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb”.
ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro ICESCO-nun bərpa proqramları barədə məlumat verib: “Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir. Bəzi ölkələrdə, məsələn, Liviyada bu cür iştirak yetərli olmayıb. Yerli icmaları prosesə cəlb etmək və onların baxışlarını dinləmək çox əhəmiyyətlidir. Çünki yerli icmalar öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər”.
Çıxışlardan sonra forum işini panel iclaslarla davam etdirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluq etdiyi l panel “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi” mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında Şuşa şəhərində və işğaldan azad edilmiş digər ərazilərdə tarixi-mədəni irsin vəziyyəti haqqında məlumat verib. O deyib ki, otuzillik işğal zamanı Ermənistan tərəfindən tarixi-mədəni irs dağıdılıb talan edilməklə yanaşı, abidələr üzərində məqsədli saxtalaşdırma aparılıb. S.Hacıyeva həmin ərazilərdə nisbətən salamat qalmış abidələrin bərpa və konservasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov Şuşa şəhərinin tarixi-mədəni zənginlikləri barədə məlumat verib, Qoruq ərazisindəki abidələrin, o cümlədən İslam irsinin bərpa və konservasiyası sahəsində görülən işlərdən söz açıb.
Forum “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma” mövzusunda II panel sessiya ilə işini davam etdirəcək.
İlk şərhi yaza bilərsiniz