BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib”.
Ardınca xəbərdə, “bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb” deyə qeyd edilir.
İlk şərhi yaza bilərsiniz