Press "Enter" to skip to content

Kuklaçılar qardaş ölkəyə festivala gedir

IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri qardaş Türkiyəyə festivala gedir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “21 aprel-12 may tarixlərində IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçiriləcək. Kuklaçıların səfər müddəti 21-26 aprel tarixlərini əhatə edəcək. Sənət bayramı Türkiyənin iki böyük şəhərini əhatə edəcək. 23-25 aprel tarixlərində Ankara, 26-27 aprel tarixlərində İstanbulda keçiriləcək festival marafonu 28-30 aprel tarixlərində Bakıda, 2-4 may tarixlərində Özbəkistanda davam edəcək. Tədbirin builki bağlanış mərasimi 9-12 may günlərinə təsadüf edəcək və Kuzey Kıbrıs Türk Cümhuriyyətində olacaq”.

Daha sonra xəbərdə, “onu da qeyd edək ki, festivalın builki iştirakçı sayı və tamaşa proqramı da genişdir. Bu mənada kuklaçılar hər iki şəhərdəki müxtəlif məkanlarda Azərbaycanın milli kukla sənətini layiqincə təmsil etməyə çalışacaq. Səfərə 10 nəfərlik heyətlə yola düşəcək kuklaçılar türkiyəli teatrsevərlər qarşısında “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konserti göstərəcəklər. Milli kukla personajlarından ibarət birhissəli aktın səhnələşdirmə və quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir.
Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları aparıcı kukla aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim RəhimovCavid Telman canlandıracaqlar”.

Məlumat üçün deyək ki, Kukla Teatrı yaradıcı təşkilat, sənət mərkəzi kimi mütəmadi olaraq beynəlxalq festivallara dəvətlər alır və bu yolla dünya teatr mühitində daha da tanınmasına, yaradıcılıq əlaqələrinin intensivləşməsinə çalışır. Bu mənada Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan kimi ölkələrlə uzunmüddətli səmərəli əlaqələri var və müəyyən layihələr çərçivəsində artıq müştərək işlər də aparılıb. Elə Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı da bu qəbildəndir.

Ötən il üçüncüsü keçirilmiş bu festival öz coğrafiyasını genişləndirib və tədbirin bağlanış mərasimi Bakıda olub. Beləcə, teatr bayramı Ankara, İstanbul və Bakı şəhərlərini əhatə edərək öz ətrafına xeyli sayda kuklaçını toplamaq imkanı qazanıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin, Azərbaycan Mədəniyyət Nazirliyi və Kukla Teatrının da dəstək verdiyi bu sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.