BAYRAQDAR MEDİA – Aprelin 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların uğurla həyata keçirildiyini, sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edildiyini, bu yerlərin Azərbaycanın ən abad guşələrindən birinə çevrildiyini vətəndaşların diqqətinə çatdırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə təhsil və səhiyyənin inkişafını, tarixi və mədəniyyət abidələrinin bərpasını və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahələrdə mühüm işlər görüldüyü qeyd edilib”.
Qəbul zamanı məcburi köçkün olan vətəndaşların bütün müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
İlk şərhi yaza bilərsiniz