Dr. Yücel Karauz: Bununla belə, sözügedən məsələni daha da gərginləşdirib, bunu ümumilikdə türk birliyinə xələl gətirəcək bir səviyyəyə qaldırmaq düzgün olmazdı
BAYRAQDAR MEDİA – “Təbii ki, Türküstan coğrafiyasından olan Türk Dövlətləri Təşkilatına üzv ölkələr öz milli siyasətlərini yürüdə bilərlər və bu adi bir haldır. Bununla belə, Türk Dövlətləri Təşkilatına üz ölkələrin bir-birini maraqlandıran və bir-birinin maraqlarına cavab verən məsələlərlə bağlı qarşılıqlı, koordinasiyalı bir addım atması daha məqsədəuyğun olardı”.
Bunu Orta Asiyanın türk dövlətlərinin Güney Kıbrısla bağlı atdıqları addımı BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
O, qeyd edib ki, Türküstan coğrafiyasına xüsusilə ABŞ və Avropa Bilriyinin hər keçən gün daha da çox diqqət göstərməsi nəzərdən qaçmamalıdır: “Bundan əlavə, Rusiya hələ də o ərazini özünün təsir dairəsi hesab edir . Bu regionda marağı olan Çin və Hindistanı da unutmaq olmaz. Xüsusilə Çin Qazaxıstan başda olmaqla bu coğrafiyada öz təsir dairəsini artırmaqdadır”.
Türkiyəli general deyib ki, Batı, xüsusilə də ABŞ və AB bu coğrafiyadakı ölkələrə iqtisadi paketlər, dəstək layihələri təqdim edir: “Məhz bu kontekstdə də Özbəkistanda Orta Asiya-AB sammiti keçirildi. Sammitdə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi və Türküstan coğrafiyasındakı türk dövlətlərinin təbii qaynaqlarından birgə istifadəyə dair təkliflər, proqramlar irəli sürüldü. AB bu məqsədlə ümumilikdə 12 milyard avroluq bir proqram açıqladı. Təsadüfi deyil ki, bu sammitdən sonra Orta Asiyanın türk dövlətləri 1965-ci ildən bəri Türkiyənin milli məsələsi olan Kıbrıs məsələsində Türk Dövlətləri Təşkilatına və türk dünyasına, eyni zamanda Türkiyənin maraqlarına zid addım atdı”.
Dr. Yücel Karauz deyib ki, bu, olduqca üzücü bir addımdır: “Bununla belə, sözügedən məsələni daha da gərginləşdirib, bunu ümumilikdə türk birliyinə xələl gətirəcək bir səviyyəyə qaldırmaq düzgün olmazdı. Bu istiqamətdə düşünülməmiş addımlardan, davranışlardan, sərt bəyanatlardan çəkinmək lazımdır. Təbii ki, bunun baş verməməsi daha yaxşı olardı. Amma artıq baş verib və deməli bundan sonra biz ilk olaraq önümüzə baxmalıyıq. Bir şeyi unutmayaq ki, 300 milyonluq bir coğrafiyadan, türk dünyasından söhbət gedir. O coğrafiyada sadə insanların bir-birinə yanaşması, bir-birinə məhəbbəti, bir-birinə bağlılığı var. Ümumiyyətlə, mən bu məsələnin TDT-nin Azərbaycanda və Macarıstanda keçiriləcək zirvə görüşlərində öz həllini tapacağını düşünürəm. Kim bilir, bəlkə də məlum olaylar bizim üçün daha xeyirli nəticələrə təkan vermiş olacaq”.
İlk şərhi yaza bilərsiniz