BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun Azərbaycandakı səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib. Azərbaycanla Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini qeyd edən nazir vurğulayıb ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zaman, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır. T.Musayev, həmçinin səhiyyə sahəsində iki ölkə arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirin sözlərinə görə, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur. Əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu vurğulayan T.Musayev, həmçinin iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın olduğunu qeyd edib”.
Sonra xəbərdə, “öz növbəsində D.Pineviç Belarusun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Yaxın tarixdə Belarusla Azərbaycan arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, ötən illər ərzində Azərbaycan-Belarus münasibətlərin böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Görüşdə tərəflər əczaçılıq sənayesi, tibb və səhiyyə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz