Press "Enter" to skip to content

Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 abidə tədqiq edilib

Tədbir zamanı

Ağstafada “Qərbi Azərbaycana qayıdış yolunda” elmi-praktik konfrans və “Qayıdış: Qərbi Azərbaycandakı Maddi-Mədəni İrsimiz” kitabının təqdimatı keçirilib

BAYRAQDAR MEDİA – Ağstafa rayonunda Ağstafa Rayon İcra Hakimiyyəti ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qərbi Azərbaycana dinc qayıdış konsepsiyasının əhəmiyyətindən bəhs edib. O, vurğulayıb ki, bu gün Azərbaycanın artan qlobal gücü ilə dünyada yeni ədalət meyarları formalaşır. Ağstafada bundan sonra da STM ilə birgə bu tip konfransların keçirilməsinin vacibliyini vurğulayan Seymur Orucov STM-ın sorğularının təhlili üzərindən də dəyirmi masaların keçirilməsinin əhəmiyyətinə toxunub”.

Məlumata görə, daha sonra STM-in sektor müdiri, analitik Tural İsmayılov çıxış edib: “T.İsmayılov tədbir iştirakçılarına STM-in fəaliyyəti haqqında geniş məlumat verib. O, “cənab Prezidentin nitqində səsləndirdiyi strateji xətti əsas götürərək, Qərbi Azərbaycana qayıdışının ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq edilməsi istiqamətində tədqiqata başladı” deyib”.

Məlumata görə, T.İsmayılov daha sonra “Mərkəz tərəfindən dərin və gərgin tədqiqatların nəticəsi kimi ərsəyə gətirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz (I cild)” əsəri 4 iyul 2022-ci ildə, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (II cild) kitabı 6 noyabr 2023-cü ildə Azərbaycan ictimaiyyətinə təqdim edilmişdir. Bu istiqamətdəki fəaliyyətin nəticəsi və həmin institusional əsərlərin davamı olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cild bu gün tədim edilir” deyə qeyd edib.

Məlumatda deyilir ki, tədbirdə çıxış edən STM-in departament müdiri Əziz Əlibəyli Ağstafa ictimaiyyətinə göstərdikləri marağa görə təşəkkür edib: “O, bildirib ki, təqdimatı keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsəri təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmamış, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd edilmişdir”.

Daha sonra çıxış edən kitabın müəllifi, STM-in sektor müdiri Əfqan Vəliyev söyləyib ki, Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 abidəni tədqiq etməyə nail olub. “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafık-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.