BAYRAQDAR MEDİA – “Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün bir sıra addımlar atılır və bundan sonra da atılmalıdır. Qeyd edim ki, 2022-ci ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki yığıncağında, hansı ki, bu dövrdən etibarən quruma rəhbərlik edirəm, təklif etdik ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun yenilənsin və qiymətləndirmə fəaliyyətini rəsmi qaydada həyata keçirən təsisat formalaşdırılsın. Ona görə ki, AQC qiymətləndirmə sahəsində faktiki tənzimləmə siyasətini həyata keçirsə də, inzibati təsir alətlərinə malik deyildi”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O, qeyd edib ki, yeni qanun layihəsinin qəbulunda və Qiymətləndiricilər Palatasının formalaşmasında AQC olaraq yaxından iştirak etdik: “Həm Azərbaycan parlamenti, həm də Dövlət İmtahan Mərkəzi ilə fəal əməkdaşlıq etdik. Baş nazir Əli Əsədovun sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin toplantılarına Ədliyyə, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilə birlikdə qatıldıq. Artıq yeni qanun qəbul edilib, Palata da fəaliyyətə başlayıb. Yeni bir dövr başlayıb. Ölkə qiymətləndiriciləri Palatada təmsilçilik hüququ qazanıblar”.
AQC sədri, həmçinin “şübhəsiz ki, inzibati təsir orqanı olan Palatadan gözləntilərimiz böyükdür. Əsas gözləntimiz sektorda şəffaflığın və peşəkarlığın təmin olunması, milli qiymətləndirmə standartlarının tətbiqi, qiymətləndiricilərin hüquq və mənafelərinin qorunmasına yönələn kompleks tədbirlərin həyata keçirilməsidir. Müasir dövrdə qiymətləndirmə sektorunun iqtisadiyyatdakı iştirakı və payı artır və bu mənada Palata sektorun yenilənməsi istiqamətində real addımlar atmalıdır. AQC olaraq biz də bu prosesdə yaxından iştirak etməyə və şəffaflığın, peşəkarlığın təmin olunmasına öz töhfəmizi verməyə hazırıq” deyə əlavə edib.
İlk şərhi yaza bilərsiniz