Məhəmməd Əl Bluşi: Səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır
BAYRAQDAR MEDİA – Aprelin 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirdə 30-dan çox turizm şirkəti iştirak edib”.

Məlumata görə, təqdimatda çıxış edən səfir Məhəmməd Əl Bluşi turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edib: “Cənab səfir, həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayıb. Diplomat, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, işadamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verib”.
Məlumata görə, Məhəmməd Əl Bluşi onu da qeyd edib ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.
Tədbir müzakirələrlə davam edib.
İlk şərhi yaza bilərsiniz