Press "Enter" to skip to content

İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan bəhs edilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və sürgünlər” mövzusunda panel- konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İzmir Azərbaycan Dərnəyindən məlumat verilib.

Tədbir zamanı
Tədbir zamanı

Bildirilib ki, “İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində keçirilən tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru Prof. Dr. Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib. Rektor, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Prof. Dr. Bayram Yılmaz bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib”.

Məlumata görə, tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb: “Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Prof. Dr. Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib. Açılış nitqləri ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar”.

Daha sonra panel müzakirələrinə başlanılıb: “Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Prof. Dr. Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Prof. Dr. Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Dr. Uğur Samancı çıxış edərək XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlar ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırım hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər. Panel-konfrans iştirakçılar – yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.