Press "Enter" to skip to content

Eskişehirdə Azərbaycanla bağlı daha bir tədbir

Tədbirdən xatirə fotosu

Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib

BAYRAQDAR MEDİA – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Anadolu Universiteti və Eskişehir Azərbaycan Dərnəyinin (EsAzDer) birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya EsAzDer-dən məlumat verilib.

Tədbir zamanı
Tədbir zamanı

Bildirilib ki, Anadolu Universitetində keçirilən tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb: “Ardınca tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır çıxış edərək iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib. Açılış nitqləri ilə Anadolu Universitetinin prorektoru Yusuf Şimşek, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və Eskişehir Azərbaycan Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb”.

Məlumata görə, tədbirin davamında panel müzakirələrə başlanılıb: “Paneldə Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Prof. Dr. Gökhan Güneysu və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub”.

Məlumatda o da qeyd edilib ki, panel-konfrans yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb: “Tədbir təqdimatlardan sonra mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib. Bu konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.