Press "Enter" to skip to content

Dünya, qlobal nizamsızlıqdan keçərək yeni nizam axtarışındadır

Fazil Mustafa

Fazil Mustafa: Bu gün Azərbaycan, məhz bu reallığın fərqinə varan siyasət yürütməkdədir

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin qlobal çağırışlara verdiyi adekvat cavab, müasir siyasətin dərin analizi və milli maraqların qətiyyətli müdafiəsi baxımından çox faydalı oldu. Ümumiyyətlə ADA-da keçirilən Beynəlxalq Forumun, eləcə də ölkəmizin ev sahibliyi etdiyi digər nüfuzlu beynəlxalq tədbirlərin regional və qlobal miqyaslı proseslərə və cərəyan etməkdə olan mühüm beynəlxalq hadisələrə dair ölkəmizin rəsmi mövqeyinin bəyan edilməsi baxımından olduqca məqsədəuyğun və əhəmiyyətli olduğu qənaətindəyəm”.

Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq Forumla bağlı açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, dünya, qlobal nizamsızlıqdan və xaosdan keçərək yeni nizam axtarışındadır: “Bu xaosdan itkisiz və qazanclı çıxmaqda yol yoldaşı ağıllı, praqmatik siyasət və güclü olmaqdır. Bu gün Azərbaycan, məhz bu reallığın fərqinə varan siyasət yürütməkdədir. Ölkəmiz həm regional, həm də qlobal səviyyədə yeni dünya nizamının formalaşmasında yaxından iştirak etmək və istənilən hegemonluğun, dövlətlərin işinə müdaxilənin əleyhinə olmaqla beynəlxalq hüququn hökmran olduğu ədalətli dünyanın bərqərar olmasının tərəfdarı kimi çıxış edir”.

Fazil Mustafa deyib ki, Forum Azərbaycanın müasir çağırışlara baxışını və qlobal siyasətdəki fəal rolunu bir daha nümayiş etdirdi: “Azərbaycan dünyanın siyasi xəritəsində kiçik ölkədir. Ancaq, üstləndiyi və öhdəsindən gəldiyi problemlər, həll etdiyi məsələlər kifayət qədər böyük və irimiqyaslıdır. Tarixinin qüdrətli dövrünü yaşayan Azərbaycan düşməninin havadarlarının və dəstəkçilərinin nüfuzlu ölkələr olmasına və saylarının çoxluğuna baxmayaraq, ərazi bütövlüyünü öz gücünə həll etmiş tək ölkədir. Bu gün Azərbaycan həm regional, həm də daha geniş arealda sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, ölkələrarası münasibətlərin normallaşmasına layiqli töhfəsini verməkdədir. Forumda ölkə başçısının qeyd etdiyi kimi bizə müttəfiq və dost ölkələr olan Türkiyə ilə İsrail arasında birinci dəfə pozulmuş münasibətlərin normallaşması üçün Azərbaycan necə vasitəçilik edibsə, hazırda da həmin missiyanı davam etdirməkdədir. Bundan əvvəl eyni vəzifənin öhdəsindən layiqincə gələrək qardaş ölkədəki “təyyarə böhranı”ndan sonra Rusiya ilə Türkiyə arasında dərinləşməkdə olan ixtilafın sonlandırılması və iki ölkə münasibətlərinin yaxınlaşdırılmasında, biri-birini anlayan tərəfdaş kimi yollarına davam etməsində öz tarixi rolunu uğurla başa çatdırmışdı”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.