Dr. Yücel Karauz: Fehim İsanın məsul olacağı Quzey sektoru bütünlüklə Suriya-Türkiyə sərhədini əhatə edir
BAYRAQDAR MEDİA – “Bəşər Əsad rejiminin devrilməsindən sonra Suriyada dövlət qurumlarının yenidən formalaşdırılması prosesi hələ də davam edir. Baxmayaraq ki, artıq rejimin devrilməsindən altı ay keçib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Biz bu prosesin ən azı 2 il, 2 il yarım çəkəcəyini deyirdik
Onun sözlərinə görə, rejimin devrilməsinin ilk vaxtlarında bəziləri Suriyada yeni dövlət qurumlarının strukturlaşmasının 2-3 aya tamamlanacağını iddia edirdilər: “Halbuki biz bu prosesin ən azı 2 il, 2 il yarım çəkəcəyini deyirdik. Çünki sıfırdan yenidən bir dövlət formalaşdırmaq, etnik, dini, siyasi, həmçinin məzhəb baxımından bütün tərəflərin maraqlarını nəzərə alaraq balanslaşdırmış siyasət yürütmək və dövlət sisteminin yaradılmasını başa çatdırmaq qısa zamanda reallaşacaq bir iş deyil. Bunların fonunda təxminən 10 gün öncə
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa yeni hökümətin tərkibini təsdiq etdi”.
Türkmənlərə hər hansı bir nazirlik verilməməsi birmənalı qarşılanmamışdı
Türkiyəli general deyib ki, həmin vaxt hökümətdə Suriyada etnik baxımdan ikinci yerdə duran türkmənlərə hər hansı bir nazirlik verilməməsi birmənalı qarşılanmamışdı: “Bu kabinet, insanlarda “Nə baş verir”, “Türkmənlər niyə kabinetdən kənarda qaldı” kimi suallar yaratmışdı. Lakin Türkiyə təmkinli davranış sərgilədi. Son nəticədə isə bir neçə gün öncə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş oldu. Həmin görüşdə Suriyanın bir anlıq sabitliyə qovuşması üçün lazımı adımların atılmasının davam etməsinin vacibliyi də bəyan edildi. Bunun ardınca isə Suriya Milli Ordusunun Sultan Murat diviziyasının Hələb Bəydili türkmənlərindən olan komandiri Fehim İsa Suriya Müdafiə Nazirinin müavini və Suriyanın Quzey Bölgəsinin komandanı vəzifələrinə təyin olundu”.
Dr. Yücel Karauzun sözlərinə görə, bu olduqca mühüm bir təyinatdır: “Qeyd edim ki, Quzey sektoru sıradan bir məsələ deyil. Bu, bütünlüklə Suriya-Türkiyə sərhədini əhatə edir. Deməli, həmin ərazidən də sorumlu məhz türkmən komandan olacaq. Yəni, bu, Türkiyənin həmin bölgədəki terrorçuluqla bağlı narahatlığına son qoya bilər. Eyni zamanda bu, bölgənin də gələcək sabitliyinə xidmət edən bir addımdır”.
Proses, əslində, addım-addım Suriyanın bölünməsinə doğru gedir
“Bəs, ümumilikdə bu proses hara gedir” deyə sualımıza cavabında isə Türkiyəli general aşağıdakıları bildirib: “Proses, əslində, addım-addım Suriyanın bölünməsinə doğru gedir. Çünki Suriyanın İsrailə yaxın ərazilərində İsrail öz təhlükəsizliyinin təmin olunması bəhanəsi ilə həmin bölgədə özünə uyğun idarəçilik formalaşdırmağa çalışır. İran isə öz növbəsində Ağ dənizə çıxış olan Nuṣayriya adlı bir oyuncaq dövlət qurmaq istəyir və bu məqsədlə addım-addım öz təxribatçı əməllərini davam etdirir. PKK-PYD-yə gəlincə, onlar yeni Suriya hökuməti ilə ilkin razılığa gəlsələr də, prosesin necə tamamlanacağı sual altındadır”.
Sanki bütün problemlər xalının altına gizlədilir
Dr. Yücel Karauz sonda “Ümumilikdə Suriyadakı indiki durumu belə xarakterizə edə bilərik. Sanki bütün problemlər xalının altına gizlədilir. Lakin bir gün o problemlər üzə çıxacaq. Amma bir tərəfdən də bu normaldır. Çünki uzun illərdir Əsəd rejimindən qalma bütün problemlərin birdən-birə və qısa vaxt ərzində həll ediləcəyin düşünmək sadəlövhlük olardı” deyə vurğulayıb.
İlk şərhi yaza bilərsiniz