Qasım-Jomart Toqayev: Aktau şəhərinə Türk dünyasının mədəniyyət paytaxtı statusunun verilməsi təkcə ölkəmiz üçün deyil, bütün qardaş türk dövlətləri üçün mühüm hadisədir
BAYRAQDAR MEDİA – “Aprelin 5-də Manqistau vilayətində “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı ili”nin təntənəli açılış mərasimi keçirilib. Dünya səhnəsinin ulduzlarının çıxışları, Qazaxıstan və xarici ölkələrdən gələn sənətçilərin çıxışları, məşhur sənətkarlardan ustad dərsləri, dron şouları – bütün bu tədbirlər Aktau şəhərinin sahilində reallaşıb və on minlərlə insanı bir araya gətirib”.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
Tarixi Manqistau torpağı, zəngin Üstürt bölgəsi Türk sivilizasiyasının ayrılmaz bir hissəsidir
Qeyd edilir ki, “türk dövlətlərinin mədəni əməkdaşlığının genişləndirilməsinə və ortaq dəyərlərin təbliğinə yönəlmiş bu tədbirdə Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Manqistau vilayətinin rəhbəri Nurdaulet Kılıbay, TÜRKSOY-un Baş katibi Sultan Raev, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri, dövlət və ictimai xadimlər, Qazaxıstan Respublikası Parlamentinin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və xarici səfirlər iştirak ediblər. Manqistau sakinləri ilə yanaşı, bu əlamətdar hadisənin iştirakçıları arasında ölkənin digər bölgələrindən və xarici dövlətlərdən gəlmiş xüsusi qonaqlar da olub”.

Məlumata görə, bu əlamətdar hadisə münasibətilə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Toqayev təbrik məktubu göndərib. Dövlət başçısının təbrikini açılış mərasimində Mədəniyyət və İnformasiya naziri Aida Balayeva səsləndirib: “Prezident məktubunda bildirib ki, Aktau şəhərinə Türk dünyasının mədəniyyət paytaxtı statusunun verilməsi təkcə ölkəmiz üçün deyil, bütün qardaş türk dövlətləri üçün mühüm hadisədir. “Bu hadisə yalnız Qazaxıstan üçün deyil, bütün qardaş ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Tarixi Manqistau torpağı, zəngin Üstürt bölgəsi Türk sivilizasiyasının ayrılmaz bir hissəsidir. Bu müqəddəs torpaq xalqımızın və bütün türk dünyasının əsrlərlə formalaşmış mənəvi irsini qoruyub saxlayır. Ənənə və tarixləri bir-birinə bağlı olan xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi bizim ortaq vəzifəmizdir. Əminəm ki, bu əlamətdar il ərzində qardaşlığımızı daha da gücləndirəcək görüşlər keçiriləcək və mühüm qərarlar qəbul olunacaq. Qoy türk xalqlarının birliyi daha da möhkəmlənsin! Hamınıza firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram!”, – deyə Prezidentin məktubunda qeyd olunur”.
Türk xalqlarının ortaq irsini vurğulayan xoreoqrafik nömrələr nümayiş etdirilib
Məlumata əsasən, açılış mərasimi çərçivəsində təşkil olunan bayram tədbirləri zamanı türk xalqlarının ortaq irsini vurğulayan xoreoqrafik nömrələr nümayiş etdirilib: “Minilliklərə söykənən köçəri sivilizasiya, əcdadların mirası, mənəvi varislik – bütün bunlar səhnədə yeni formada təqdim olunub. Proqram çərçivəsində beynəlxalq səviyyəli ulduzlar da çıxış ediblər. Səhnəyə dünya miqyaslı ulduz Dimaş Qudaybergen, Azərbaycanın tanınmış sənətçisi Röya Zərgərli, Özbəkistanın məşhur müğənnisi Yulduz Usmanova və populyar estrada müğənnisi Kalifarniya çıxaraq tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş ediblər”.
Bu, türk ölkələri arasında əməkdaşlığı daha da gücləndirəcək
Məlumatda deyilir ki, tədbirdə regionun rəhbəri Nurdaulet Kılıbay Türk dünyasının mədəni birliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: “Dövlət başçısı Qasım-Jomart Kemeloviç Toqayev qeyd edib ki, əsas vəzifəmiz Türk dünyasını XXI əsrin mühüm iqtisadi və mədəni məkanına çevirməkdir. Əslində, qardaş ölkələrin liderləri türk dilli cəmiyyətin birliyini ön plana çıxarırlar”.

O, qeyd edib ki, Manqistauda reallaşan görüş bunun parlaq nümunəsidir: “Manqistau Böyük İpək Yolunun bir qolu olmuşdur. Qədim zamanlarda ticarət və dəniz yolları yalnız məhsullar deyil, mədəniyyət və sivilizasiyanın bəhrələrini də daşıyırdı. Müasir Manqistau da logistika və turizm sahəsində böyük potensiala malikdir. Manqistau həm dəniz, həm də quru ilə TÜRKSOY-a üzv ölkələrin yarısı ilə sərhəddə yerləşdiyi üçün əminəm ki, bu günkü görüşümüz gələcəkdə səmərəli əməkdaşlığın davamına çevriləcək və türk ölkələri arasında əməkdaşlığı daha da gücləndirəcək yeni layihələrə səbəb olacaq”.
Noyabr ayının sonunadək 30-dan çox beynəlxalq mədəni və yaradıcılıq layihəsinin həyata keçirilməsi planlaşdırılır
Məlumatda əlavə edilib ki, açılış mərasimi axşam saatlarında dron şousu ilə davam edib: “Aktau sakinləri və qonaqlar möhtəşəm işıq şousunun şahidi olublar. Göyə qalxan 500-dən çox dron Qazaxıstan bayrağını, Manqistau təbiətinə xas heyvanları, Bozjıra bölgəsini, beynəlxalq tədbirin loqotipini və qazax milli mədəniyyətinin elementlərini nümayiş etdirib”.

“Aktau – Türk dünyasının mədəniyyət paytaxtı ili”nin açılışına həsr olunmuş tədbirlər silsiləsi aprelin 6-da da davam edib. Etnoşəhərcikdə türk ölkələrinin və yerli sənətçilərin iştirakı ilə möhtəşəm qala-konsert keçirilib. Ümumilikdə layihədə 1149 sənətçi iştirak edib, onlardan 125-i xarici sənətçilər, musiqiçilər, rəqqaslar və sənətkarlardır”.
O da qeyd edilib ki, Aktau şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusu aldığı il çərçivəsində noyabr ayının sonunadək 30-dan çox beynəlxalq mədəni və yaradıcılıq layihəsinin həyata keçirilməsi planlaşdırılır. Festival, elmi konfrans, sərgi və müsabiqələrin təşkili nəzərdə tutulur.
İlk şərhi yaza bilərsiniz