BAYRAQDAR MEDİA – Aprelin 10-da mədəniyyət naziri Adil Kərimli ilə Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani arasında ikitərəfli görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərə bildirilir ki, “10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə dost ölkənin mədəniyyət nazirinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qətərli həmkarını səmimi salamlayan A.Kərimli əlamətdar mədəniyyət hadisəsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan ilə Qətər arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əsasında hərtərəfli inkişaf edir. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində uğurlu əməkdaşlıq qurulub. Nazir vurğulayıb ki, hər iki xalqı yaxınlaşdıran həm də mədəni zənginliklərdir. 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan mədəniyyətinin təntənəli təqdimatı ilə yadda qalıb”.
“Qətər Dövləti də Azərbaycanda təşkil olunan müxtəlif səpkili beynəlxalq tədbirlərdə yaxından iştirak edir. İnanıram ki, Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq” – deyə Adil Kərimli əlavə edib.
Daha sonra xəbərdə, “Qətərin mədəniyyət naziri Ş.Ə.Həməd əl-Tani səmimi qəbula görə A.Kərimliyə təşəkkürünü bildirib. O, Qətər nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Qətərli nazir 16 ildən sonra ölkəsinin mədəniyyətinin Azərbaycanda yenidən təqdim olunmasından məmnunluğunu bildirib, bu kimi tədbirlərin mədəni inteqrasiya üçün zəruri olduğunu vurğulayıb” deyə qeyd olunur.
Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektifləri müzakirə olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
İlk şərhi yaza bilərsiniz