BAYRAQDAR MEDİA – Azərbaycan Dəmir Yolları (ADY) 8 aprel tarixində Sabunçu stansiyasının yaxınlığında ağacəkmə aksiyası keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADY-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “şirkətin 145 illiyinə həsr olunmuş aksiyanın əsas məqsədi əməkdaşlar arasında ətraf mühitin mühafizəsinin təbliği və ekoloji problemlərə diqqətin çəkilməsidir. 100-dən çox əməkdaşın iştirak etdiyi aksiyada 500-ə yaxın şam ağacı, o cümlədən endemik növ olan və Azərbaycanın Qırmızı Kitabına düşmüş Eldar şamı əkilib və suvarılıb. Əlavə olaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb. Dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur”.
Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini əsas götürür. Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmağı və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasında rolunu genişləndirməyi hədəfləyir.
İlk şərhi yaza bilərsiniz