Press "Enter" to skip to content

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.