BAYRAQDAR MEDİA – 10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aprelin 10-u saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri nümayiş olunacaq. Həmçinin, sözügedən günlər ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcək. Eyni zamanda, 10 aprel tarixində Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq”.
Sonra xəbərdə, “2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə Azərbaycan mədəniyyətinin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, bundan əvvəl Azərbaycanda Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib. Azərbaycan ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. İki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz