BAYRAQDAR MEDİA – Bu il 2-6 aprel 2025-ci il tarixləri arasında Türkiyədə qeyd olunmuş 61-ci Kitabxana Həftəsi “Üreten Kütüphaneler” (Məhsuldar Kitabxanalar) mövzusu ilə dövrün tələblərinə uyğunlaşan, rəqəmsal imkanlarla inkişaf edən, öyrənmə və istehsalı təşviq edən kitabxanaların dönüşümünü göz önünə sərib.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, son 7 ildə həyata keçirilən layihələr və görülən işlərlə kütləvi kitabxanaların sayı 1 min 303-ə, kitabxanalardan istifadə sahələri isə 750 min kvadratmetri keçərək rekord həddə çatıb. Üzvlərin sayı 6,7 milyon nəfərə, kolleksiyadakı kitabların sayı isə 25,8 milyona yüksəlib. 2024-cü ilin sonuna qədər kütləvi kitabxanalar 38,7 milyon istifadəçiyə ev sahibliyi edib. 26 mindən çox mədəniyyət, incəsənət və maarifləndirici tədbirdə 1,5 milyon insan kitabxanalarla görüşüb. 2024-cü ildə tərtib olunmuş kitab və dövri nəşrlərin sayı 119 mini ötüb, çap mədəni irsinin qorunub saxlanılması və əlçatan olması baxımından uğurlu nəticə əldə olunub.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Kitabxana Həftəsi ilə bağlı sosial media hesabından paylaşdığı açıqlamada, kitabxanaların təkcə biliyə deyil, eyni zamanda, ədəbiyyata, incəsənətə, mədəniyyətə və yaradıcılığa açılan qapı olduğunu vurğulayıb: “61-ci Kitabxana Həftəsini “Üreten Kütüphaneler” mövzusu ilə qeyd edərkən, dövrün ruhunu tutan, öyrənməyi və istehsalı təşviq edən bu dinamik mərkəzləri hamımız birlikdə salamlayırıq. Nazirlik olaraq biz cəmiyyəti ağıllı, innovativ və əlçatan kitabxanalarla gücləndirməyə davam edirik”.
İlk şərhi yaza bilərsiniz