BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 6-da növbəti imtahanlar keçirib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Bildirilib ki, “əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı keçirilib. Bundan başqa, aprelin 6-da qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib”.
Məlumatda deyilir ki, 33 min 315 nəfərin iştirakı nəzərdə tutulan imtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-də keçirilib: “İmtahanın idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3172 nəzarətçi, 418 buraxılış rejimi əməkdaşı və 141 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılacaq. Aprelin 7-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın beş həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib”.
O da qeyd edilib ki, istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan sonra Mərkəzin saytına yerləşdirilib: “İştirakçılar doğru cavab etalonları ilə tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahını (pdf formasında) əldə edə bilərlər”.
İlk şərhi yaza bilərsiniz