Press "Enter" to skip to content

MEK ilə Rami Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb

MEK ilə Rami Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “səfər zamanı H.Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib. Festival çərçivəsində kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün İT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərlə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığa gəlinib. Türkiyənin akademik kitabxanalarının 80 faizi ilə sıx əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məhsullarının MEK-də təqdimatı üçün razılıq əldə olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də beynəlxalq məlumat bazalarının Türkiyə təmsilçiləri ilə həmin resurslara giriş qaydaları, ağıllı kitabxana idarəetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb”.

Sonra xəbərdə, “səfər çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Ali Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rami Kitabxanasında keçirilən görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra MEK ilə Rami Kitabxanası arasında “Qardaş Kitabxanalar Anlaşma Memorandumu” imzalanıb. Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin əks olunduğu lövhə və kitablar hədiyyə edib. Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmət, avadanlıqlar və İT həllərinin funksional-texniki imkanları, həmçinin əski Azərbaycan əlifbasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.