Yaxud dostdan da əziz dost, sirdaşdan da etibarlı sirdaş, kürəyini asanlıqla söykəyə biləcəyin arxadaş Seymur Verdizadə haqqında səmimi koşə yazısı
BAYRAQDAR MEDİA – Onunla dostluğumuzun əsası düz 35 il öncə qoyulub. Bəli – bəli, nə az – nə çox düz 35 ildir ki, Seymur Verdizadə ilə dost, qardaş, sirdaş və həm də qələmdaş olaraq yol gəlirik. Bir neçə ay sonra bu çoxlarına örnək dostluğumuzun əsasının qoyulmasının 35 ilə tamam olur. Söhbət 1990-ci ildən gedir.
Yağışlı Əmsarda ilk görüş
Xatırladım ki, sovet dövründə fəal məktəbli komsomolçular üçün mükafatlandırma metodlarından biri onları respublika, yaxud ittifaq çərçivəsində düşərgələrə istirahətə göndərmək idi. O zaman Bakıdakı Yuri Qaqarin adına pioner və məktəblilər sarayının (hazırki Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı) nəzdində olan və Qubanın Əmsar kəndində yerləşən “Qırmızı Qərənfil” düşərgəsi fəaliyyət göstərirdi. Hər il Azərbaycanın müxtəlif şəhər və rayonlarında öz fəallığı ilə fərqlənən 4-5 məktəbli komsomolçu həmin düşərgəyə istirahətə göndərilirdi. 1990-cı il üzrə Yevlaxda fərqlənərək bu mükafata layiq görülən 5 məktəblidən biri də mən idim.

Onu da deyim ki, bu, mənim ailəmdən kənar, təkbaşına getdiyim ilk düşərgə idi. Digər tərəfdən təşkilatçılar məktəbliləri sabahın sınaqlarına hazır etmək üçün düşərgənin sıx meşənin içərisində salmışdılar. Məktəblilər yay düşərgəsi üçün qurulmuş 2, yaxud 3 nəfərlik piknik çadırlarında qalırdı. Düşərgə 20-25 dəstəyə bölünmüşdü ki, hər dəstədə də 8-10 belə çadır vardı.
“Mən Seymuram, Cəbrayıldan, Soltanlı kəndindən gəlmişəm”
Biz Qubaya çatanda möhkəm yağış yağırdı. Beləliklə, həm yuxarıda sadaladığım məqamlar, həm də təbiətin şıltaqlığı məni xeyli qəmləndirmişdi. Nə gizlədim, düşərgənin ikinci günü səhər erkən çadırın kənarına çəkilib, az qala ağlamaq həddinə çatmışdım.

Elə bu məqamda kiminsə asta-asta yanımda oturduğunu hiss etdim. Əyinində qara idman forması olan, gülərüz bu məktəbli oturan kimi əlini çiynimə qoyub dedi:
-Bilirəm, darıxırsan, elə mən də darıxıram. Amma keçəcək bu çətinlik. Əsas odur ki, bizi fərqləndirib bura gətiriblər.
Bunun ardınca isə “mən Seymuram, Cəbrayıldan, Soltanlı kəndindən gəlmişəm” dedi.
35 ilik dostluğumuzun ilkin təməli qoyuldu
Beləliklə də dostdan da əziz dost, sirdaşdan da etibarlı sirdaş, kürəyini asanlıqla söykəyə biləcəyin arxadaş Seymur Verdizadə ilə artıq 35 ilə çatan və şəxsi, sonra isə ailəvi dostluğumuzun ilkin təməli qoyuldu.

Bir sirri də açım. Çox ağır bir il idi. Azərbaycan 20 Yanvar faciəsindən çıxmışdı. Üstəlik biz orada olanda eşitdik ki, İraq Küveytə hücum edib və ABŞ da İraqı cəzalandırmağa hazırlaşır. Məhz bu əhval-ruhiyyənin fonunda həmin vaxt təhsil sektorunda məsul vəzifədə çalışan bir şəxs düşərgəyə qonaq gəlmişdi. Bizə mühazirə oxumağa. Ancaq onun ilk cümləsindəcə SSRİ-nin tərifləməyə başlaması uşaqlar arasında “çılğın olanları” özündən çıxardı. Və həmin vaxt görüş meydanının müxtəlif yerlərində otursaq da, ayağa qalxan və etiraz edənlər arasında mən və Seymur da vardı. Bu da bizi bir-birmizə daha da yaxınlaşdırdı.

Mən “çılğın olanları” ifadəsini təsadüfən işlətmədim. Bizləri, “Azərbaycanın müstəqil olacağını” deməkdən çəkinməyən fəalları Qaqarin sarayının o vaxtkı direktoru, rəhmətlik Əhməd Əliyev belə adlandırırdı. Kim bilir, bəlkə də rəhmətlik bizi qorumaq üçün bu cür adlandırırdı. Çünki, deyilənə görə, 25 yaşı olan düşərgənin (bizim orada olmağımız “Qırmızı Qərənfil” düşərgəsinin 25-ci ildönümünə təsadüf edirdi – N.A) tarixində belə hadisə ilk dəfə idi ki, qeydə alınırdı.
“Nə edim ay qağa, məni də Allah belə yaradıb”
Mən yuxarıda Seymurun qayğıkeşliyindən bəhs etdim. Bu sıradan bir qayğıkeşlik deyil. Seymur ətrafındakı bütün insanların qayğısına qalır. Hətta onu dəfələrlə incitməsinə, yarı yolda qoymasına, planlarının alt-üst olmasına səbəb olanları belə incitmir, onlardan üz döndərmir.

Dəfələrlə olub ki, ondan “bu cür insanlara niyə yenidən yaxşılıq edirsən” deyə soruşmuşam. Cavabı isə belə olub: “Nə edim ay qağa, məni də Allah belə yaradıb. Həm düşünürəm ki, onlar nə zamansa öz səhvlərini anlayacaqlar”…
Beləliklə, Seymurla Qubada başlanan dostluğumuz davam etdi. Bir-birimizə məktub da yazdıq. Sonra Seymur Türkiyəyə ali təhsil almağa getdi. Yadımdadır, televiziyada bu barədə reportaj verilirdi. Seymuru gedən uşaqlar arasında görüb sevincimdən necə qışqırdımsa, evdəkilər dik atıldı.
Növbəti görüşün ünvanı “İki sahil” oldu
Daha sonra Seymurla canlı görüşümüz 1995-ci ildə gənclərin təmənnasız hamisi olan hörmətli millət vəkilimiz Vüqar Rəhimzadənin baş redaktoru olduğu “İki sahil” qəzetinin o zaman “Azneftyağ”ın binasında yerləşən redaksiyasında oldu.
Mən redaksiyaya yazı aparmışdım və işçilərdən biri dedi ki, “yan otağa keç orda səni sürpriz gözləyir”. Yan otağa keçəndə Seymuru gördüm, bir-birimizə möhkəm sarıldıq. Hətta redaksiya əməkdaşlarından biri gülərək “lap doğma qardaşlar kimi qucaqlaşdınız” dedi.
Bəlli oldu ki Seymur Türkiyədə oxuya-oxuya qəzetlə təmas yaradıb və ora yazılar verəcək. Tətil müddətində Bakıya gəlib redaksiya ilə əlaqə saxlayıb, söhbət zamanı Nadir imzasının kimliyini soruşub və mənim gələcəyimi bildiyi üçün gözləməyə qərar verib.

Sonra Seymur Türkiyədə ali təhsilini başa vurub Bakıya gəldi və bu dəfə biz onunla həm də redaksiya yoldaşı olduq. “Bu gün” qəzetində birlikdə çalışdıq.
Daha sonra hərbi xidmətə getdi, nişanlandı, evləndi və bütün bu proseslər zamanı incə məsələlərlə bağlı fikrimi öyrəndi, məsləhətləşdik. Ən çətin vəziyyət düşəndə ilk üz tutduq bir-birimizə, necə ki, indi də elədir. Bu gün də təkcə xoş anları deyil, kədərli anları, çətin durumları da bir-birimizlə bölüşürük.
O, həm də nümunəvi QHT rəhbərlərindən biridir
Burada bir vacib haşiyə çıxım. Yuxarıda əziz dostumun xeyirxahlığından bəhs etdim. İndi isə əlavə etmək istəyirəm ki, Seymur xeyirxahlığı, qayğıkeşliyi həm media, həm də QHT sektorunda edir. Axı o, həm də nümunəvi QHT rəhbərlərindən biridir.

Elə rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) bir çox layihələrində də istər ekspert, istərsə də məsləhətçi kimi, necə deyərlər, öz sözünü deyib.

Bir etirafı da etmək borcumdur. Layihələr çərçivəsində Seymurla getdiyimiz rayonlarda bir canlanma olurdu. Onun çılğın, amma həm də məsləhətverici çıxışları yerli iştirakçılar tərəfindən maraqla qarşılanırdı.
Seymur Verdizadə özü boyda bir Cəbrayıldır, özü boyda bir Soltanlıdır!
Dostumun bu yubiley yazısında kədərli məqamlara toxunmaq istəməzdim. Amma düşünürəm ki, indi qeyd edəcəyim məqamları yazmasaydım, dostluğumuz xəyanət etmiş olardım. Söhbət Seymurun Vətən, yurd həsrəti ilə bağlı yaşadıqlarından gedir. Ümumiyyətlə, çəkinmədən deyim ki, Seymur Verdizadə özü boyda bir Vətəndir, özü boyda bir torpaqdır, özü boyda bir Cəbrayıldır, özü boyda bir Soltanlıdır!
Cəbrayıl işğal olunandan sonra Seymur demək olar ki, həyatının hər saniyəsini Cəbrayıl, Soltanlı kədəri ilə, vətən, yurd həsrəti ilə yaşayırdı. Hətta ən gözəl məclislərdə belə mütləq bir imkan tapıb “gün o gün olsun ki, Cəbrayıl azad olunsun, sizə orada belə bir məclis təşkil edim” deyirdi.

Seymurla rayonlara səfərə çıxanda isə həmişə belə deyərdi: “Azərbaycanın hər yeri gözəldir, amma Soltanlı bir cənnətdir. Allah qismət eləsin sizlərə o cənnətdə qəşəng bir qulluq edim”.
Seymurun Soltanlı həsrəti ilə bağlı bir məqamı da qeyd etmədən keçə bilmərəm. Seymurun atası, hamımızın sevimlisi Vaqif dayı rəhmətə gedəndə, dəfndən sonra yas məclisində oturmuşduq. Seymur ona təsəlli verməyə çalışanlara bircə söz deyirdi: “Həyat fanidir, bir gün gələn bir gün gedəcək. Düzdür, atam daha çox yaşaya bilərdi, amma doğma yurd həsrəti onu çox üzdü. Bu gün məni ən çoxu üzən odur ki, atamı Soltanında dəfn edə bilmirik”.
Şahinin toyunda, Soltanlıda qol açıb oynayacayıq
Yazıya son nöqtətin qoymadan onu da qeyd edim ki, “İki yubiley üçün bir təbrik” başlığını təsadüfən seçməmişəm.

Bu il bizim Seymurla dostluğumuzun yubiley ilidir. Eyni zamanda, bir neçə gün sonra əziz dostumun 50 yaşı tamam olur. Ona görə də bu yazı iki yubileyə həsr olunub.

Son olaraq isə əziz dostum və dəyərli qardaşım Seymuru yubiley yaşı münasibətilə təbrik edir və deyirəm: “Dəyərli qardaş, bu günlərdə doğma Soltanlıya səfər etmişdin. Orada əziz dostumuz Əfqan Qafarlını öz evinizdə qonaq edə bilmədiyindən giley edirdin. Həm də qızın Xədicə ilə birlikdə ata yurdunuzun dağıntıları önündə çəkdirdiyin fotoda “Qızım ata yurduna – Cəbrayıla qonaq gəlib. Torpaqlarımızın azad edilməsi qürurvericidir, amma bu mənzərə ilə qarşılaşmaq ağırdır, çox ağırdır…” yazmışdın. Əziz dost, bilirəm ağırdır. Amma inanıram ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti və Vətən oğullarının misiliz şücaəti nəticəsində azad olunan Soltanlı yenidən cənnətə dönəcək. Çünki Azərbaycan dövləti işğaldan azad edilən bütün torpaqları cənnətə döndərir. Bax əziz qardaş, əminəm ki, tezliklə sən Əfqanı və Əfqanın timsalında bütün dostlarını yenidən cənnətə dönən Soltanlıya qonaq çağıracaqsan. Adım qədər əminəm ki, sən imkan edib oğlun Şahin üçün də Soltanlıda mütləq bir toy-büsat quracaqsan. Biz də qol açıb oynayacayıq. Və o zaman daha sənin gözündə biz kədər deyil, sevinc yaşlarının axdığını görəcəyik. Ad günün mübarək, əziz qardaş!”
İlk şərhi yaza bilərsiniz