Press "Enter" to skip to content

GQD gələcəyin enerji xəritəsi üçün də mühüm önəm kəsb edir

Əkbər Qoşalı

Əkbər Qoşalı: Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və bölgədə geosiyasi sabitlik faktoru kimi çıxış edir

BAYRAQDAR MEDİA – “Enerji artıq sadəcə iqtisadi kateqoriya deyil. XXI yüzildə enerji – özəlliklə də qaz – qlobal güc dəngəsinin, siyasi alyansların və geosiyasi dizaynların əsas parametrlərindən birinə çevrilib”.

Bunu BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, bu kontekstdə Güney Qaz Dəhlizi (GQD) təkcə texniki-infrastruktur layihəsi olmayıb, Avrasiya məkanının siyasi arxitekturasını yenidən formalaşdıran strateji arteriyadır: “Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən bu layihə, Prezident İlham Əliyevin uzunmüddətli və uzaqgörən enerji diplomatiyasının bariz təzahürüdür. Azərbaycan GQD üzərindən yalnız qaz ixrac etməklə yetinmir. O, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və bölgədə geosiyasi sabitlik faktoru kimi çıxış edir”.

Əkbər Qoşalı deyib ki, Prezident İlham Əliyevin 10-cu Məşvərət Şurasında çıxışı, Azərbaycanın bu mövqeyinin sadəcə deklarativ deyil, gerçək əsaslara söykəndiyini sübut etdi: “GQD-nin hazırda 7 ölkənin ərazisindən keçməsi və 17 ölkənin bu platformda təmsil olunması onun çoxölçülü siyasi xəritəyə çevrildiyini göstərir. Layihənin ən vacib aspektlərindən biri odur ki, GQD Batının enerji diversifikasiyası strategiyasına cavab verdiyi qədər, Azərbaycanın strateji nüfuz dairəsini də genişləndirir. Bu, həm də Azərbaycanın iqtisadiyyatını monosektor risklərindən uzaqlaşdırır və ölkənin beynəlxalq maliyyə institutları ilə işbirliyini daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Birliyi ilə 2022-ci ildə imzalanan enerji anlaşması, GQD-nin önəmini yalnız mövcud gerçəkliklər üçün deyil, həm də gələcəyin enerji xəritəsi üçün artırır”.

Əkbər Qoşalı onu da vurğulayıb ki, enerji sahəsində liderlik iddiası yalnız qaz kəmərləri ilə sınırlana bilməz: “GQD-nin yaşıl enerji ilə inteqrasiyası, Azərbaycanın həm də iqlim siyasətinə ciddi yanaşdığını göstərir. Prezident İlham Əliyevin COP29-a evsahibliyinə dair bəyanatı və yaşıl enerji imkanlarının GQD-nin genişləndirilməsində nəzərə alınması, ölkənin yeni enerji dönəmində də aparıcı rola iddialı olduğunu sübut edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.