Azərbaycanın tanınmış media nümayəndələri ilə KKTC-nin elm adamları arasında görüş keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycanın tanınmış media nümayəndələri ilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elm adamları arasında görüş keçirilib. Görüş Azərbaycanla KKTC arasında media əlaqələri, KKTC-də təhsil mühiti və elm sahəsində münasibətlər mövzusunda müzakirələr aparmaq məqsədi ilə reallaşıb.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüş Azərbaycan – Kıbrıs Dostluq Cəmiyyəti, Beynəlxalq Final Universiteti və “News Baku” Media və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Məlumatda daha sonra deyilir: “Görüşdə KKTC-nin önəmli təhsil mərkəzlərindən olan Beynelxalq Final Üniversiteti rektoru Prof. Dr. Orhan Gemikonaklı, Üniversitetin İcraçı Direktoru Dr. Bülent Taşel, Doç. Dr. Pervin Taşel, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “News Baku” Media və Kommunikasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, eləcə də digər media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Çıxışlarda iki dost ölkə arasında istər siyasi, istər elmi, istərsə də media sahəsində ortaq fikir formalaşdığı, hər iki ölkənin hədəflərinin eyni olduğu vurğulanıb”.
Məlumata əsasən, görüşdə çıxış edən KKTC təmsilçiləri elm, təhsil sahəsində Azərbaycan mediası ilə sıx əlaqədə olduqlarını, həmçinin Azərbaycan mediası ilə gələcəkdə ortaq layihələrin planlaşdırıldığını bildiriblər: “Həmçinin bu görüşün davamlı olması üçün müvafiq addımlar atılması, növbəti görüşü qardaş KKTC-də keçirilməsi üçün razılığa gəlinib. Keçirilən səmimi dostluq görüşünün sonunda xatirə fotoları çəkilib, görüşdən sonra iki ölkə nümayəndələri arasında təkbətək səmimi müzakirələr aparılıb”.
İlk şərhi yaza bilərsiniz