BAYRAQDAR MEDİA – ADA Universitetinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi, “Baku Education Information Center”, “STI Travel” və “BESTCOMP GROUP” şirkətlərinin tərəfdaşlığı ilə Akademik Məqsədlər üçün 7-ci İngilis Dili Olimpiadasının ilk mərhələsi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA Universitetinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “8–9-cu sinif şagirdləri arasında keçirilən müsabiqənin birinci mərhələsində ümumilikdə 1 min 674 şagird iştirak edib. Onlardan 1 min 314 nəfəri ADA Universitetinin Bakı kampusunda, 200 nəfəri Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə, 105 nəfəri Naxçıvandakı Heydər Əliyev adına məktəbdə, 55 nəfəri isə ADA-nın Qazax Mərkəzində müsabiqəyə qatılıblar. Şagirdlər 80 dəqiqə ərzində ingilis dilinin qrammatikası və oxu bacarıqları ilə bağlı 50 yazılı sualı cavablandırıb”.
Daha sonra xəbərdə, “Olimpiada çərçivəsində həmçinin valideynlər üçün Bakıda Məlumat sessiyası təşkil edilib, onlara ADA İbtidai və Orta Məktəbində təhsil barədə ətraflı məlumat verilib. Birinci mərhələdən yüksək bal toplamış şagirdlər aprelin 19-u ADA Universitetində ikinci – dinləmə və yazı mərhələsinə qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış iştirakçılar isə növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar” deyə qeyd edilir.
Ardınca xəbərdə bildirilir ki, “sonda ilk yerin sahibi “Baku Education Information Center” və “STI Travel OJSC”nin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq. 2-ci və 3-cü yerlərin sahibləri də “BESTCOMP GROUP” şirkətinin dəstəyi ilə kompüter, planşet kimi mükafatlarla təltif olunacaq. Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə sertifikat təqdim olunacaq”.
Qeyd edək ki, Olimpiadanın məqsədi məktəblilərin akademik məqsədlər üçün ingilis dili biliklərini qiymətləndirmək və onları daha da inkişaf etdirməyə təşviq etməkdir.
İlk şərhi yaza bilərsiniz