Əkbər Qoşalı: Hər üç ölkənin dostu-qardaşı olan Azərbaycanın belə bir razılaşmanı alqışladığı gün kimi aydındır
BAYRAQDAR MEDİA – “Martın 31-də Xucənd şəhərində Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin iştirakı ilə ilk üçtərəfli sammit keçirilib. Prezidentlər Şavkat Mirziyoyev, Emomali Rahmon və Sadır Caparov bu üç qonşu ölkə arasındakı sərhəd mübahisəsinə son qoyub. Bundan bir neçə gün öncə Bişkekdə Qırğızıstanla Tacikistan arasında dövlət sərhədi ilə bağlı onillərlə çözülməmiş məsələlər üzrə tarixi razılaşma imzalanmışdı. 2021-ci ilin payızında isə Özbəkistanla Qırğızıstan arasında su qaynaqları, otlaqlar və sərhəddin girintili-çıxıntılı yerləri ilə bağlı anlaşmalar olduğunu xatırlayıram”.
Bunu Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, əsasən Batken bölgəsində tacik-qırğız qarşıdurmaları, toqquşmaları son illər daha tez-tez olurdu: “Budur, artıq, qanlı toqquşmalara səbəb olan sorunları çözən qərar hər iki ölkənin parlamenti tərəfindən, özü də qısa müddətdə ratifikasiya edilib. Martın 31-də keçirilən görüşdə iki ölkə liderləri həmin sənədi də rəsmən təsdiqləyib. Ona görə də, Xucənddəki bu toplantı Orta Asiyadakı əsas sərhəd mübahisələrinə qəti son qoyan və qonşu, dost, qardaş ölkələr arasındakı bağları daha da gücləndirən səlis və xalis addım oldu”.
Əkbər Qoşalı əlavə edib ki, hər üç ölkənin dostu-qardaşı olan Azərbaycanın belə bir razılaşmanı alqışladığı gün kimi aydındır: “Bəli, bu görüş Orta Asiya üçün tarixi önəm daşıyır və bəzi yadellilərin və “qonşu”ların bədniyyətlərinə qarşı önləm kimi də xarakterizə edilə bilər. Bölgədəki sərhəd mübahisələri, əsasən, SSRİ-nin dağılmasından sonra yaranan mürəkkəb etnik və inzibati bölünmələrin nəticəsidir. Ayrıca, Özbəkistanın üçtərəfli dialoqda maraqlı olması və necə deyərlər, ikitərəfli formatdan üçtərəfli formata keçilməsi diqqətçəkicidir. Şafkat Mirziyoyevin Prezident seçilməsindən bəri Özbəkistanın bölgəsəl işbirliyinə özəl önəm verməsi, sərhəd problemlərinin çözümündə xoşməramlı arabulucu kimi çıxış etməsi, bölgədə sabitliyə müsbət təsir göstərir”.
Ə.Qoşalının sözlərinə görə, Xucənd sammitinin ən önəmli nəticəsi Orta Asiyada dövlətlərarası sərhəd problemlərinin çözümündə yeni bir mərhələyə keçidin simvolu olmasıdır: “Əgər bu sürəc davamlı şəkildə irəliləsə, gələcəkdə təkcə sərhəd məsələləri deyil, su ehtiyatları, iqtisadi işbirliyi və s. sahələrdə də dərin inteqrasiyanı görə bilərik”.
İlk şərhi yaza bilərsiniz