Son yeniləmə: 1 Aprel 2025
Prof. Dr. Birol Akgün: Qardaşlar arasında ticarət körpülərini nə qədər genişləndirə bilsək, birliyimizi və zənginliyimizi bir o qədər artıracağıq
BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafında ən mühüm vəzifələrdən biri iş adamlarının üzərinə düşür. Bizim illik ticarət dövriyyəmiz təxminən 7 milyard dollardır. Prezidentlərimiz tərəfindən qarşıya bu ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədi qoyulub. Qardaşlar arasında ticarət körpülərini nə qədər genişləndirə bilsək, birliyimizi və zənginliyimizi bir o qədər artıracağıq. Buna nail olmağın yolu iş adamlarını dəstəkləməkdən keçir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Ramazan ayı münasibətilə təşkil etdiyi mərasimdəki çıxışında dedi.
Xatırladaq ki, tədbirdə səfirlə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər, millət vəkilləri, iş adamları, şəhid ailələri və media nümayəndələri iştirak edirdilər.
Bu cür tədbirlər iki qardaş ölkə arasındakı əlaqələrin daha da güclənməsinə töhfə verir
Çıxışında Türkiyə ilə Azərbaycanın hər yerdə birlikdə hərəkət etdiyini dilə gətirən səfir, hazırda təlatümlər yaşandığı dünyada ayaqda qalmağın, inkişafın və tərəqqinin yolunun birlik və həmrəyliyi artırmaqdan keçdiyini vurğuladı.

Prof. Dr. Birol Akgün bildirdi ki, Türkiyə və Azərbaycanın əməkdaşlığının yaratdığı sinerji digər türk dövlətlərində də özünü göstərir: “Türk dünyası enerjidən investisiyalara, ticarətdən istehsala qədər hər sahədə əlaqələri dərinləşdirməlidir. XXI əsrdə türk dünyasının ortaq gələcəyi əməkdaşlığın gücləndirilməsindən asılıdır”.
Səfir çıxışında, həmçinin belə bir gözəl təşəbbüsə imza atan TÜİB rəhbərliyinə təşəkkür ifadə edib. O, Ramazan ayının mənəvi dəyərlərindən, insanların bir araya gəlməsinin əhəmiyyətindən bəhs edərək, bu cür tədbirlərin iki qardaş ölkə arasındakı əlaqələrin daha da güclənməsinə töhfə verdiyini vurğuladı.
Hüseyin Büyükfırat: Bu gün güclü iqtisadiyyata malik, ərazi bütövlüyünü əldə etmiş, regionda ulduza çevrilən Azərbaycan var
TÜİB-in sədri Hüseyin Büyükfırat da çıxışında öncə Ramazan ayının birlik, bərabərlik və paylaşma dəyərlərini özündə ehtiva etdiyini dedi. O, bu mübarək ayın insanları bir araya gətirdiyini, həmrəylik və qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini qeyd edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Çıxışına davam edən TÜİB sədri 30 ildən artıqdır ki, Azərbaycanda müxtəlif kommersiya fəaliyyəti ilə məşğul olduğunu və paralel olaraq sosial məsuliyyət layihələri də həyata keçirdiyini açıqladı.
O, bura ilk gəlişində çətin günlər keçirən Azərbaycanın o vaxtdan bu yana böyük inkişafın şahidi olduğunu ifadə edərək dedi: “Bu gün güclü iqtisadiyyata malik, ərazi bütövlüyünü əldə etmiş, regionda ulduza çevrilən Azərbaycan var. Həm burada, həm də Anadoluda güclü siyasi iradənin nə demək olduğunu görürük”.
TÜİB-in sədri, həmçinin “Türkiyə ilə Azərbaycan arasında əlaqələr möhkəmlənməkdə davam edir. Qeyri-hökumət təşkilatlarının, iş adamlarının da üzərinə böyük vəzifələr düşür. Biz bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq” deyə qeyd etdi.
YAŞAT TÜİB-lə uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcək
Mərasimdə çıxış edən YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov isə TÜİB ilə əməkdaşlıq çərçivəsində müxtəlif sosial layihələrin həyata keçirildiyini vurğuladı.

O, “bu cür layihələrin davamlı olması vacibdir” dedi.
Elvin Hüseynov çıxışında TÜİB-lə uğurlu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Mərasim xoş və səmimi bir atmosferdə davam etdi.
İlk şərhi yaza bilərsiniz