Son yeniləmə: 30 Mart 2025
BAYRAQDAR MEDİA – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi Quba Soyqırımı Memorial Kompleksinin tərəfdaşlığı və ev sahibliyi ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Unudulmayan tarix” adlı tədbir keçirib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən verilib.
Bildirilir ki, Xaçmazdan gələn heyət yerli iştirakçılarla birlikdə tədbirdən öncə soyqırımı qurbanlarının abidəsini ziyarət edib. Daha sonra qonaqlar Kompleksin nəzdində fəaliyyət göstərən Muzey ilə tanış olublar.
Bundan sonra toplantı salonunda çıxışlar edilib.
Çıxışlar başlamazdan öncə tədbir iştirakçıları soyqırımı qurbanlarının, həmçinin şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bunun ardından sözügedən soyqırımına işıq tutan sənədli filmə baxış keçirilib.
Tədbirin açılışında çıxış edən Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova tarixi yaddaşın qorunması və yetişən nəsillərə ötürülməsinin vacibliyindən danışıb. O, eyni zamanda Kompleksdə görülən işlər, ermənilərin Azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı gerçəklərin tanıdılması haqqında fikirlərini paylaşıb.

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva da öz növbəsində soyqırımı ilə bağlı yaddaşın canlı tutulması üçün görülən işlərin vacibliyindən danışıb. O, eyni zamanda qeyd edib ki, başçılıq etdiyi Muzey belə tədbirlərin keçirilməsinə diqqətlə yanaşmaqla milli yaddaşın gələcək nəsillərə ötürülməsinə töhfə verməyə çalışır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Quba rayon komitələrinin sədrləri Qərib Umudov, Məhərrəm Hacıyev də çıxışlarında sözügedən məsələ ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Kompleksin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova “1918-ci ildə Bakı qəzasında baş vermiş soyqırımı hadisələrinin şahid ifadələri” mövzusunda çıxış edərək faktları diqqətə çatdırıb.
Kompleksin direktor müavini Mehriban Əliyeva da elmi araşdırmalar nəticəsində əldə edilmiş faktlardan ibarət çıxışını təqdim edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət isə çıxışını Qərbi Azərbaycan, Güney Azərbaycan və Türküstanda (Orta Asiya) ermənilərin türklərə qarşı törətdiyi soyqırım faktları üzərində qurub. O, bir tərəfdə rusların, digər tərəfdə də farsların erməniləri qızışdıraraq türklərə qarşı soyqırımına sövq etdiyinə diqqət çəkib.
Azər Həsrət eyni zamanda ermənilərin saxta soyqırımı iddialarından danışaraq 1915-ci ildə Osmanlı (indiki Türkiyə) torpaqlarında baş verənlərlə bağlı maraqlı faktlar təqdim edib.
İlk şərhi yaza bilərsiniz